Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Zəngilan rayon Mədəniyyət evi və Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Zəngilan rayon icra sturukturu, YAP Zəngilan rayon təşkilatının əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, rayon Ağsaqqallar Şurasının üzvləri, Zəngilan rayon ümumtəhsil məktəblərinin direktorları və digər rəsmilər iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və öz canından keçərək vətəni işıqlı günlərə qovuşduran qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra aparıcı Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prossesinin başladıcısı və idarəedicisi, müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin mahir siyasəti, qətiyyətli mövqeyi və dünyadakı nüfuzu barədə ətraflı məlumat verib. Heydər Əliyevin xatirəsinə həsr edilən şeir səsləndirilib. Daha sonra Zəngilan rayon 33 saylı tam orta məktəbin şagirdlərinin ifasında maraqlı kompozisiya nümayiş etdirilib. Sonda ulu öndər Heydər Əliyevə həsr edilmiş “Əbədiyyət” adlı film təqdim edilib.
Anar Əliyev