Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın Xarəzm vilayətində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabın təqdimatı olub

Özbəkistanın Xarəzm vilayətində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabın təqdimatı olub


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində Xarəzm Vilayətinin Ürgənc şəhərində Ürgənc Dövlət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabın təqdimatı, Azərbaycan mədəniyyəti və ədəbiyyatına dair tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Azərbaycan tarixi, dövlətçiliyi, milli mədəniyyətimizə dair sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun layihəsi ilə çap olunan kitablar, Azərbaycan ədəbiyyatı, mədəniyyətinə aid nəşrlər nümayiş olunub.

Universitetin tədbirlər sarayında davam edən tədbiri giriş sözü ilə açan rektor professor Baxrom Abdullayev qonaqları salamlayaraq Özbəkistanla Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bunu hər iki xalqın tarixi müvəffəqiyyəti kimi qiymətləndirib.

Ürgənc Dövlət Universitetinin də bu əlaqələrin güclənməsində böyük marağının olduğunu bildirən rektor bundan sonra da Azərbaycanın elm-təhsil, mədəniyyət ocaqları ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Baxrom Abdullayev Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi haqqında da məlumat verərək bu mərkəz vasitəsilə gələcəkdə bir çox birgə elmi, mədəni-ədəbi layihələr, əməkdaşlıqlar planlaşdırıldığını da vurğulayıb.

Daha sonra çıxış edən Özbəkistanın Xarəzm Vilayətinin rəhbərinin müavini Batır Saidov artıq ikinci dəfədir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd edərək, bu tədbirlərin ilki qardaş xalq arasında daha qırılmaz bağların yaranmasına səbəb olduğunu vurğulayıb. Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında söz açan Batır Saidov Xivə şəhərinin Şuşa ilə qardaşlaşmış şəhər olduğunu qeyd edib. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı nəşrdən söz açan natiq sözügedən kitabın Şuşa ilə bağlı ilkin məlumatları əldə etmək üçün çox dəyərli bir mənbə olduğunu vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” tədbirləri və Mərkəzin Şuşa, habelə Ümummilli Lider Heydər Əliyevlə bağlı gerçəkləşdirdiyi layihələr barədə məlumatlar verərək Ürgənc Dövlət Universitetində yaradılmış Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzinin açılışını və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşrin “Şuşa ili” eləcə də Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibəti ilə həyata keçirildiyini vurğulayıb.

Şuşanın Azərbaycan xalqı üçün əziz, doğma və əvəzsiz olduğunu bildirən Samir Abbasov fikirlərini Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin “Şuşa Azərbaycan üçün milli qürur, milli mənlik, mədəniyyət, incəsənət və tarixdir” sözləri ilə yekunlaşdırıb.

Daha sonra çıxış edən tərcüməçi-alim Babaxan Şərif də Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beşdilli ensiklopedik nəşr ilə bağlı söz açaraq bu nəşrin Şuşa şəhəri haqqında dəyərli informativ bir mənbə olduğunu və ələlxüsus da beş dildə – Azərbaycan, özbək, türk, rus, ingilis dillərində olmasını xüsusi qeyd edib.
Tədbirdə Universitet tələbələri tərəfindən Azərbaycan şairlərinin şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan tamaşalarından səhnəciklər nümayiş etditirilib.

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş “Simurq” Muğam ansamblının üzvləri tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Azərbaycanın əməkdar artisti, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, Özbəkistanda tanınmış azərbaycanlı saz ifaçısı İlham Abdullayevın icrasında oyun havalarımız, Ürgənc Dövlət Universitetinin rəqs qrupunun ifasında milli Azərbaycan rəqsləri tamaşaçılara təqdim edilib. Konsert iştirakçılar tərəfindən maraqla qarşılanıb.

R.Mehdiyeva
Xəbəri paylaş