Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Fransa Respublikasının “L’Opinion” nəşrinin müdafiə və diplomatiya məsələləri üzrə müxbiri Jan- Dominik Merçetlə görüşüb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, ölkəmizdə qaçqın və məcburi köçkün probleminin yaranmasının səbəbləri, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə qonağa ətraflı məlumat verilib. Emənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyü, ciddi məhrumiyyətlərlə üzləşdiyi vurğulanıb. Qeyd edilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, bir qrupu isə çadır şəhərciklərində çətin və ağır şəraitdə məskunlaşıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən inşa olunmuş 116 qəsəbədə, 300 mindən çox məcburi köçkün məskunlaşıb.
Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz suverenliyini tam bərpa edib, yüz minlərlə məcburi köçkünün doğma yurda beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkan yaranıb. Bununla əlaqədar olaraq müvafiq Dövlət Proqramı qəbul edilib, onun Tədbirlər Planı təsdiqlənib və uğurla icra olunur. Böyük Qayıdış başlanıb və qarşıdakı illərdə daha böyük miqyas alacaq.
İşğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin müasir tələblərə cavab verən yaşayış şəraiti ilə təmin olunması üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi, bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına üstünlük verildiyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalaması Böyük Qayıdış prosesini ləngidir.
Jan- Dominik Merçet səmimi söhbətə görə təşəkkür edib, səfərinin Azərbaycan həqiqətləri barədə beynəlxalq ictimaiyyətə obyektiv məlumat çatdırmaq məqsədi daşıdığını vurğulayıb.
Dövlət Komitəsinin sədri qaçıqnlar və məcburi köçkünlərlə əlaqədar onu maraqlandıran bütün məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Ruhiyyə Mehdiyeva