"Kanadanın regionda baş verən proseslərin dərin məntiqinə bələd olmadan Ermənistanı dəstəkləməsi sadəcə olaraq mövcud siyasi mühüti qəlizləşdirməyə və gərginləşdirməyə hesablanmış addımlardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, rəsmi Ottavanın antiazərbaycan ruhunda mövqe sərgiləməsi ilk öncə ölkəmizə qarşı növbəti ikili standarların nümunəsidir və tarixi həqiqətlərin inkarıdır:
"Çünki Azərbaycanın Ermənistanla çoxillik münaqişə şəraitində yaşaması və davamında müharibə variantına gedilməsi ikincinin işğal siyasəti və uzlaşmaz siyasi ritorikasına əsaslanmışdır. Kanadanın görməzdən gəldiyi həqiqətlər isə otuz il müddətində olan işğal faktı, soyqırım cinayətləri, bilərəkdən başqa dövlətə və xalqa məxsus mədəni-tarixi, mülki infrastrukturun məhv edilməsi və bir milyona yaxın məcburi köçkünlərin bu müddət ərzində üzləşdiyi çətinliklərdir. İndiki məqamda okeanın o tərəfindən eşidilən səslərin bir sıra səbəbləri mövcuddur. İlk olaraq Kanadanın Azərbaycan-Ermənistan münaqişəsinə ortaq Qərb dünyası maraqları və ən qəbulediməzi xristian həmrəyliyi prizmasından yanaşmasıdır. Paralel olaraq biz burada erməni lobbisinin fəaliyyətlərini də vurğulamalıyıq. Digər tərəfdən isə rəsmi Parisin Ottava üzərində təsirləri münasibəti tətikləyən faktorlar arasında yer alır".
AVP rəsmisi deyib ki, Kanada ikidilli bir dövlətdir və ikinci rəsmi dil kimi fransız dilindən istifadə olunur:
"Bu isə öz növbəsində Paris-Ottava xəttinin sıxlığının göstərisidir və heç şübhəsiz ki, Fransanın burada rolu danılmazdır. Rəsmi Paris Türkiyə-Azərbaycan müttəfiqliyi fonunda Ermənistan üzərindən regiona yerləşməkdə ciddi çətinliklər çəkir və sonuncu bu prosesdə özünə yaxın dövlətləri, siyasi dairələri çəkməklə ambisiyalarının həllinə çalışır. Tam əminliklə deyə bilərəm ki, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyində regionun açar dövləti və güc mərkəzi Azərbaycandır və heç bir güc regional maraqlarımızın təmininə əngəl ola bilməz".
Anar Əliyev