Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə cari ilin 23-26 oktyabr tarixlərində Özbəkistanın Daşkənd və Xarəzm vilayətlərində keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” layihəsi çərçivəsində Xarəzm Vilayətinin Ürgənc şəhərində Azərbaycandan gəlmiş sənətçilərin iştirakı ilə qala konsert təşkil olunub.
Newscenter.az xəbər verir ki, Agahi adına Xarəzm Dövlət Musiqili Dram Teatrında baş tutan konsertdə iştirakçılar ilk öncə foyedə Azərbaycan tarixi, mədəniyyətinə dair sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyev ili ilə əlaqədar çoxsaylı nəşrlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, Azərbaycan ədəbiyyatı, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı nəşrlər yer alıb.
Konsertdə açılış nitqi ilə çıxış edən Xarəzm vilayət hakiminin müavini Batır Saidov, “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” günlərinin artıq ikinci dəfədir ki, Xarəzm vilayətində keçirilməsinin iki qardaş xalq arasında mədəni-ədəbi əlaqələrin daha da inkişaf etdiyinin bir göstəricisi olduğunu qeyd edərək, bu layihəni gerçəkləşdirən Azərbaycan dövlətinə, Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. Batır Saidov bu tədbirlər və layihələr sayəsində xalqlarımızın daha da yaxınlaşdığını, biri birlərinin mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə daha yaxından bələd olduğunu, öyrəndiyini vurğulayıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov keçirilən “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” layihəsi və bu layihə çərçivəsində keçirilən tədbirlər haqqında danışmış, xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, bizi birləşdirən dəyərlər haqqında danışaraq, Özbəkistanda Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib. Samir Abbasov, Daşkənddə başlayan, Xarəzm vilayətində gözəl təəssüratlarla və unudulmaz xatirələrlə başa çatan “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” layihəsinin uğurla yekunlaşdığını qeyd edərək, bu işə dəstək verən Özbəkistan dövlətinə, Xarəzm vilayət rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” layihəsində iştiraklarına görə bir qrup azərbaycanlı sənətçi Özbəkistandakı Azərbaycan Səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Fəxri diplom”ları ilə təltif edilib.
Konsert proqramında Azərbaycandan dəvət edilmiş “Simurq” Muğam ansamblının üzvləri – tanınmış xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva, kamança ifaçısı Elnur Mikayılov, tar ifaçısı Zəki Vəliyev və Azərbaycanın əməkdar artisti, nağara ifaçısı Kamran Kərimovun ifasında milli muğamlarımız, tanınmış azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında oyun havalarımız tamaşaçılara təqdim edilib.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Ruhiyyə Mehdiyeva