Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

206 psixoloq təlimə cəlb olunub

206 psixoloq təlimə cəlb olunub



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan məktəb psixoloqları üçün təlimlər keçirilir.

Təlimlərin məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Newscenter.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin rəhbəri Səidə Əhmədova, bölmənin psixoloqu Aysel Novruzova tərəfindən təşkil olunan təlimlərdə Xəzər, Pirallahı, Binəqədi, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai rayonları üzrə 142 məktəbdən ümumilikdə 206 psixoloq iştirak edib.

Təlimlərdə məktəb psixoloqunun işinin səmərəli təşkili, məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasında psixoloqların rolu, diaqnostika və korreksiya işlərinin aparılması və digər tematik məsələlərlə bağlı müzakirələr aparılıb, məktəb psixoloqlarına təlimdə geri qalan şagirdlərlə işin təşkili və nitqin psixi funksiyalara təsiri mövzusunda müvafiq tövsiyələr verilib.

Təlimlər interaktiv formada davam edib.

Sonda məktəb psixoloqlarını maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən təlimlərin paytaxtın digər rayonları üzrə də təşkili nəzərdə tutulur.

R.Mehdiyeva
Xəbəri paylaş