Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov noyabrın 27-də Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən müxtəlif əkinlər üçün aqrar sığorta haqlarının hesablanması və ödənişi, baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, meyvə bağlarına dəyən zərərlərə görə sığorta ödənişlərinin verilməsi, əkin sahələrinin sığortalanması və əkin subsidiyalarının ödənilməsi ilə bağlı olub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı aqrar sığorta mexanizmi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.
Fond rəhbəri qarşıdan payızlıq əkin mövsümünün gəldiyini xatırladaraq fermerləri vaxt itirmədən əkin sahələrini sığorta etməyə çağırıb.
Sona