Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır

Bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır


“Euronews” televiziyası beynəlxalq ictimai rəyin formalaşdırılmasında ən fəal rol oynayan qlobal media qurumlarından biri kimi tanınır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyası kimi mötəbər bir KİV-də müsahibəsinin yer alması həqiqətən də mühüm hadisədir. Cənab Prezident “Euronews”-un yaratdığı fürsətdən səmərəli surətdə yararlanaraq həm sülh gündəliyinə dair çağırışları səsləndirdi, həm də Azərbaycanın son 30 il ərzində (işğal dövründə və postmüharibə dönəmində) keçdiyi inkişaf yolu, iqtisadi potensialı və gələcək inkişafperspektivlər haqqında ətraflı təsəvvür formalaşdırdı. Başqa sözlə desək, İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın uğurlu təqdimatı və tanıtımı oldu. Azərbaycan həqiqətləri və ölkəmizin dünyada etibarlı tərəfdaş kimi qəbul olunması faktı “Euronews” üzərindən hamıya bəyan edildi.

Dövlətimizin başçısı sözügedən müsahibəsində uğurlarımızın əsasında başlıca amillərdən biri olaraq məhz dövlətimizin müstəqil siyasət, milli maraqlara əsaslanan siyasət yürütməsi prinsipinin dayandığını vurğuladı və hazırda ən mühüm vəzifələrimizdən biri kimi ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirlərdən və daxili işlərimizə müdaxilələrdən qorumağın vacibliyini qeyd etdi, ölkəmizdə siyasi sabitliyin hökm sürdüyünü bildirdi: “Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra”.

O da qeyd olundu ki, sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu, hər bir ölkənin sosial-iqtisadi inkişafının təməl düsturudur. Ona görə də Azərbaycanı istənilən qeyri-sağlam rəqabətdən, geosiyasi təhdidlərdən və ya böyük dövlətlərin toqquşmalarının fəsadlarından qorumaq üçün lazımi addımlar atılır.
Müsahibədə həmçinin Azərbaycanın bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edildiyi qeyd olundu. Təsadüfi deyil ki, son iki ildə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqələr misli görünməmiş dərəcədə sıxlaşıb. Azərbaycanın Mərkəzi Asiyada investisiyaları və Mərkəzi Asiyanın da Azərbaycanda investisiyaları qarşılıqlı surətdə durmadan artır. SPECA Proqramına üzv olan və müşahidəçi qismində qatılan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var və biz bu əməkdaşlığın real nəticələrini görürük.

Effektiv xarici siyasət nəticəsində Avropadan olan tərəfdaşlarımızla, müttəfiqlərimizlə də əlaqələrimiz durmadan genişlənir və bizim Avropa təsisatları ilə də münasibətlərimizin öz müsbət dinamikası var. Eləcə də Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri də əsl həmrəylik və tərəfdaşlıq nümunəsi hesab edilə bilər. Bir sözlə, Cənab Prezident müsahibəsində “Euronews” auditoriyasının diqqətinə çatdırdı ki, Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasəti səmərəlidir. Və biz beynəlxalq arenada müstəqil siyasət yürütməyə bundan sonra da davam edəcəyik.

Azərbaycanın xarici siyasətində heç şübhəsiz ki, əsas prioritet istiqamətlərdən birini də məhz Qoşulmama Hərəkatına önəmli geosiyasi instrument kimi yanaşmağımız faktoru təşkil edir. Dövlət başçımız “Euronews”-a müsahibəsində Qoşulmama Hərəkatının hazırda dünya siyasətində aparıcı aktorlardan birinə çevrilməsində Azərbaycanın oynadığı rolu barədə danışaraq bildirdi ki, biz artıq dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik: “Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı”.

Yeri gəlmişkən, bu gün beynəlxalq birliyə daxil olan 200-dən artıq ölkənin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Bu da effektiv xarici siyasətin bariz nəticələrindən biridir. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla hər hansı münasibətlər mövcud deyil. Və Ermənistanın havadarları bu gün də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, bölgədə dayanıqlı sülhün bərqərar olmasına fəal surətdə mane olurlar. Əfsuslar olsun ki, rəsmi İrəvan özü də bir çox hallarda Fransa kimi ölkələrin şirnikləndirici vədlərinə inanıb sülhü sabotaj etməyə cəhd göstərir. Lakin İlham Əliyev regionda və dünyada gedən prosesləri təcrübəli strateq kimi düzgün dəyərləndirərək Ermənistanın hazırkı rəhbərliyinə zamanın onların əleyhinə işlədiyini bildirdi.

Prezidentin “Euronews”-a müsahibəsi Azərbaycanın sözdə deyil, real surətdə sülhpərvər olduğunu xarici auditoriyanın diqqətinə çatdırmaq baxımından da olduqca əhəmiyyətlidir. Belə ki, dövlətimizin başçısı bildirdi ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən əsas təşəbbüskar tərəf Ermənistan yox, ilk növbədə məhz Azərbaycandır. Sülh sazişinin beynəlxalq hüquqa əsaslanan ilkin şərtləri də məhz Azərbaycan tərəfindən rəsmi İrəvana təqdim edilib. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb. Bunlar aşağıdakılardır: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Azərbaycan Prezidenti qeyd etdi ki, sözügedən 5 prinsip birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır.

“Euronews”-a müsahibədə diqqəti çəkən bir önəmli məqam da İlham Əliyevin rəsmi İrəvanın indi daha inamlı şəkildə Azərbaycanla sülh istiqamətində real addımlar atacağına ümid bəslədiyini ifadə etməsi oldu. O, qeyd etdi ki, hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.

Prezident müsahibəsində həmçinin Ermənistandan qovulan azərbaycanlılarla bağlı bildirdi ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik: “Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur”.
İlham Əliyev Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıdışı prosesinin də birmənalı olaraq ədalətli və beynəlxalq hüquqa əsaslanacağını xüsusi olaraq vurğuladı. Belə ki, əgər Ermənistandan qovulmuş azərbaycanlı məcburi köçkün ora geri qayıtsa o, Qərbi Azərbaycan Respublikasının sakini olduğunu deməyəcək. Yəni ki, Qərbi azərbaycanlılar geri qayıtdıqdan sonra Ermənistan hökumətinə qarşı ərazi iddiası qaldırmayacaq. Bu da Azərbaycanın guya Ermənistana müdaxilə etməyə, Zəngəzuru ələ keçirməyə hazırlaşması barədə cəfəng iddiaları ortaya atan qüvvələrə tam aydın şəkildə verilmiş cavab mesajı hesab olunmalıdır. Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qəsd etmək niyyəti yoxdur.

Ermənistan da Qarabağ ermənilərinin hüquqları məsələsini əlində bəhanə edərək Azərbaycanın iç işlərinə qarışmaq praktikasına son qoymalıdır. Prezident “Euronews”-a müsahibəsində erməni vətəndaşlarımızın hüquqlarının təmin olunacağına bir daha zəmanət verdi. Qarabağ ermənilərinin hüquqları tam təmin olunacaq. Onların dil, tədris, din, bələdiyyə hüquqları da nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.

Ümumiyyətlə, “Euronews” auditoriyasının diqqətinə çatdırıldı ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var və bu etnik qrupların bəzilərinin əhali sayı Qarabağdakı erməni əhalisinin sayından qat-qat çoxdur. Lakin ermənilərdən fərqli olaraq onlar separatçılığa təşəbbüs göstərmirlər. Azərbaycandakı xalqların hamısı bütün konstitusion hüquq və təminatlardan faydalanır və onlar sülh içində yaşayırlar. Ermənilər də bu xalqlardan yaxşı nümunə götürməli və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa səy göstərməlidirlər.
Heç kim erməniləri qızışdırıb yalandan iddia etməməlidir ki, azərbaycanlılarla ermənilərin bir yerdə yaşaması mümkün deyil. Cənab Prezident müsahibəsində məhz bu cür məkrli düşüncə sahiblərinə tutarlı cavab verərək bildirdi ki, bu gün Azərbaycanın müxtəlif yerlərində erməni əhalisi heç bir problem olmadan yaşayır. Eləcə də Rusiyada, Ukraynada və başqa ölkələrdə də ermənilər və azərbaycanlılar bir yerdə yaşayırlar. Gürcüstanda isə ermənilər və azərbaycanlılar hətta eyni kəndlərdə yaşayırlar. Ona görə də dünya birliyi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının qorunacağından əmin ola bilər. Heç kim bu məsələ üzərindən spekulyasiya etməməlidir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş