"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransı 1995-ci ildən etibarən hər il keçirilən mötəbər tədbirdir. Tədbirin keçirilməsində əsas məqsəd isə dünyada iqlim dəyişikliyi ilə mübarizədə real vəziyyəti qiymətləndirməkdir. Qeyd edim ki, COP-a ev sahibliyi etmək bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir və hər bir regional qrup tədbirə ev sahibliyi edəcək dövləti irəli sürmək üçün konsesusla qərar qəbul edir. Bu günədək 195 ölkənin üzv olduğu razılaşmaya ölkəmizdə qoşulub və Şərqi Avropa regional qrupu Azərbaycanı növbəti il yəni, 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirilməsi barədə dekabrın 9-da məlumat yayıb. Sözü gedən konfransa ev sahibliyi etmək üçün Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da öz namizədliyini irəli sürmüşdü. Lakin dekabrın 7-də Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində rəsmi İrəvan ölkəmizin lehinə namizədliyini geri götürdü və ardınca Bolqarıstan da eyni addımı atmış oldu. Təbii ki, bu qərar dövlətimizə beynəlxalq müstəvidə göstərilən yüksək etimadın təzahürüdür və bu uğurun memarı vətənimizi dünya siyasi arenasında layiqincə təmsil edən müzəffər Ali Baş komandan İlham Əliyevə məxsusdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi qərarını şərh edərkən səsləndirib. O bildirib ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət kursu Azərbaycanı dinamik iqtisadi inkişaf tempinə malik, ictimai-siyasi sabit bir ölkəyə çevirmişdir:
"44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində ölkəmiz gücünü daha da artırmış, nüfuzunu yüksəltmişdir və bu zəfər dünyada bizə yönəlik yanaşmalarda da köklü dəyişikliyə səbəb olmuşdur. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Geridə qoyduğumuz illər ərzində rəsmi Bakı "Eurovision mahnı müsabiqəsi, Avropa oyunları, İslam Həmrəylik oyunları, Formula 1" yarışları kimi onlarla idman və mədəni tədbirlərə layiqincə ev sahibliyi edib, özündən sonra standartlar formalaşdırmışdır. Bütün bu idman və mədəni tədbirlərlə yanaşı ölkəmiz son 4 ildə BMT-dən sonra ən böyük beynəlxaq təsisat hesab olunan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras buraxıb. Təbii ki, COP-a ev sahibliyi etmək Qoşulmama Hərəkatı və BMT TŞ-a üzv seçiləməyimizdən sonra xarici siyasətdə qazandığımız növbəti uğurdur və anti-Azərbaycan mövqeyi sərgiləyən bəzi siyasi dairələrə verilən tutarlı cavabdır".
AVP rəsmisi deyib ki, 2020-ci ilədə bəşəriyyətin üzləşdiyi bəlalardan biri, minlərlə insanın həyatına son qoyan, iqtisadiyyatları çökdürən Covid 19-la mübarizə zamanı Azərbaycanın sərgilədiyi mövqe hələ də yaddaşlardan silinmir və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə səylərini səfərbər edəcəyi şübhə doğurmur:
"Prezident İlham Əliyev Ermənistan işğalından azad edilmiş torpaqlarımızı "Yaşıl enerji" zonası elan etməklə dünya ölkələrinə bir nümunə göstərmişdir. Təbii resurslardan səmərəli istifadə, bərpa olunan enerji mənbələrinin artırılması Azərbaycanda prioritet istiqamətlərindən biri hesab olunur və bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir".
Anar Əliyev[b][/b]