Növbədənkənar prezident seçkilərinin gözlənilmədən təyin olunmasını və bu səbəbdən seçkilərə hazırlaşmaq üçün vaxtın darlığını əsas gətirib, onu baykot etməyə çalışanların əsas hədəfi nədir? Axı seçkilər təyin edilərkən heç bir qanun pozuntusuna yol verilməyib, hər şey mövcud qaydalar çərçivəsində edilib. Bəs onda özünü “ana müxalifətin” lideri adlandıran xalq cəbhəsi partiyasının rəhbəri nədən narazıdır? Axı otuz il ərzində hakimiyyətə gəlmək istəyən müxalifət lideri artıq çoxdan “çamadanını qapının arxasında” hazır vəziyyətdə qoyub, gözləməli idi. İndi bunun əvəzində zaman darlığından şikayət etmək nə deməkdir? Normal halda sizlər bu seçkiyə dünəndən hazır olmalı idiniz. Ancaq indi “məlum” olur ki, heç bir hazırlığınız yoxdur. Əslində məsələ seçkiyə ayrılan zamanın darlığında deyil, tatmilə başqadır. Sizləri seçkiyə apara biləcək özgüvəniniz, sağlam mübarizə aparmağa yetəcək qətiyyətiniz yoxdur. Boykota çağrışla növbəti dəfə iç üzünüzü cəmiyyətə göstərirdiniz. O cəmiyyətə ki, bu gün dünyanın sayıb-seçdiyi və hesablaşdığı güclü Azərbaycan dövlətində yaşayır. O cəmiyyətə ki, bu gün Qarabağ torpaqlarının 30 illik əsarətdən qurtuluşundan - Ermənistan üzərində qələbədən zövq alır.
Baykot yolunu seçən bəylər sizlərə bu cəmiyyətdə formalaşmış sağlam abu-hava lazım deyil. Çünki belə abu-havada sizlər özünü tam bacarıqsız və aciz durumda hiss edirsiniz. Sizlərin ağlında qalan yalnız keçən əsrin 90-cı illərinin əvvəllərində yaşadığınız, xaosla müşayət olunan, meydan eyforiyyasıdır. Nə yazıqlar ki, sivil və demokratik Azərbaycan indi sizlərin üzünə həmin eyforiyyanın qapılarını tam qapadıb. Və sizlər artıq bu cəmiyyətdə arzuladığınız kimi nəfəs ala bilmirsiniz. O səbəbdən, hər vəchlə cəmiyyətdə qarşıdurma yaratmağa, suyu bulandırmağa çalışırsınız. Bu həmdə sizlərin himayəsində olduğunuz Qərbin bəlli texnologiyalarına uyğun bir seçimidir. Ancaq nə Azərbaycan dövləti və nə də Azərbaycan cəmiyyəti sizlərə bu “xoşbəxtliyi” bəxş edə bilmir. Dünya dəyişir, sizlər isə dəyişmirsiniz ki, dəyişmirsiniz. Sizlərə dəyişmək də olmaz. Çünkü dəyişsəniz, 30 ildə siyasət meydanında heç nəyə nail ola bilməyən müxalifət lideri kimi meydandan getməlisiniz. Bu səbəbdən dəyişməyiniz, yeni çağrışlara uyğun baxışlar formalaşdırmağınız sizin sonunuz demək olardı. Qərbdəki dostlarınız da sizlərin sonunun gəlməsini istəmir. O səbəbdən bu gün ortadasınız və ortalığı qarışdırmağa cəhd etməklə məşğulsunuz. Bir sözlə, öz “yolunuzla” gedirsiniz. Əgər yolunuz bu olmasaydı, ötən 30 ildə bu seçkilərə hazırlaşmağa vaxt tapardınız.
Müxalifət Partiyası olaraq ölkədə yüz minlərlə insanların sizi dəstəklədiyini deyirsiniz. Bu qədər dəstəkçiniz varsa, onda nədən seçkilərə getmədiniz? Axı yüz minlərlə dəstəyi olan partiya lideri əslində prezident seçkilərində iştirak üçün tələb olunan 40 min imzanı 2-3 gün ərzində toplaya bilər. Və ya Xalq Cəbhəsi olaraq bu günlərdə keçirilmiş qurultayınızda bəyan etdiniz ki, artıq ölkənin bütün problemlərini həll etməyi nəzərdə tutan proqramınız da var! Otuz ildir prezident seçkilməyi arzulayırsınız, yerlərdə yüz minlərlə dəstəkçiniz var, ölkənin problemlərini çözəcək proqramınız da ortada. Onda nədən seçkiləri boykot yolunu tutursunuz?
Bütün bu suallara cəmiyyət qarşısında verəcəyiniz cavablar yoxdur.Ona görə baykot seçimi etmisiniz. Əslində seçkiləri deyil, bu cəmiyyətin qarşısında özünüz - özünüzü baykot edirsiniz. Bu sizin bugünkü meydanda ata biləcəyiniz yeganə addımdı. Başqa yolun sizi bu seçkilərdə biabırçı məğlubiyyətə aparacağını çox yaxşı bildiyinizdən, etdiyiniz bu seçiminiz elə özünüz üçün ən döğru olanıdı. Bu yolla bəlkə 3-5 tərəfdaşınız arasında “liderliyinizi” qoruyub saxlayasınız...
Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor