Ramazan ayı ərəfəsində İsrailin Qəzza zonasında başladığı hərbi əməliyyatlara ara verəcəyi ilə bağlı ehtimallar özünü doğrultmadı. Hətta bu məqsədlə edilən beynəlxalq təşəbbüslər də nəticə vermədi.
Baş verənləri Newscenter.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib ki, İsralin heç bir şəkildə kompramisə getməməsi və Qəzzada hərbi əməliyyatları dayandırmaması onun ən yaxın müttəfiqi olan ABŞ-ı da narahat etməyə başlayıb. Yusif Bağırzadənin sözlərinə görə, Bayden hesab edir ki, İsrailin davamlı hücumları artıq qarşıya qoyulmuş hədəfi aşıb və belə fəaliyyət İsrailin özünə ziyan vuracaq:
"Baydenə görə Netanyahu hazırki fəaliyyəti ilə İsrailə kömək etmək əvəzinə zərər verir.
Eynilə İsrailin özündə də müharibənin davam etməsi ilə birmənalı fikir yoxdur. Artıq iki gündür ki, İsrail paytaxtında Baş nazir və Prezidentin iqamətgahlarının qarşısında hökumətin istefası və növbədənkənar seçkilərlə bağlı aksiyalar keçirilir".
Politoloq deyib ki, İsrail hakimiyyətində koalisiya qüvvələri arasında da gərginlik meydana gəlib:
"Hakimiyyətin koalisiya ortağı, İsrail hərbi kabinetinin rəhbəri Beni Hans ilə baş nazir Netanyahu arasında fikir ayrılıqları meydana gəlib. Bu günlərdə Beni Hansın Netanyahudan xəbərsiz gözlənilmədən Böyük Britaniyaya səfəri və səfər çərçivəsində Böyük Britaniyanın Xarici İşlər Naziri və Baş nazirləri görüşləri buna əyani sübutdur.
İsrail mətbuatında ABŞ və Böyük Britaniyanın Netanyahunu əvəz edəcək namizədi tapdıqları və bunun Beni Hans olması ilə bağlı məlumatlar genş şəkildə müzakirə olunur. Beni Hansla görüşdən dərhal sonra Böyük Britaniya xarici işlər naziri Devid Kemeron müstəqil Fələsətin dövlətinin yaradılması və onun tanınmasının vacibliyi ilə bağlı bəyanatla çıxış edib".
Yusif Bağırzadə, "Bütün bunlar onu deməyə əsas verir ki, İsrailin müttəfiqləri olan ABŞ və Böyük Britaniya müharibənin dayandırılmasını və Netanyahunun da buna razı olmadığından onun hakimiyyətdən getməsini istəyirlər.
Təbii ki, ABŞ Yaxın Şərqdə ən böyük müttəfiqi olan İsraili heç bir zaman tək qoymayacaq. Amma ABŞ-ın öz maraqları da var və Netanyahu bu maraqlara cavab vermədiyi üçün ABŞ-ın qırmızı düyməyə basdığı görünür. Yəni başqa sözlə desək ABŞ-ın sərgilədiyi bu cür mövqe İsrailin özü ilə deyil, İsrail hakimiyyəti ilə bağlıdır. ABŞ üçün sözəbaxan İsrail lazımdır və bunun üçün də nə lazımdırsa edəcək",-deyə bildirib.
Süleyman