"Türkiyə regional güc sahibidir və vaxtilə dünyada movcud olmuş olduqca yüksək nüfuzuna istinad edərək beynəlxalq siyasətdə daha fəal iştirak etmək əzmindədir. Bunun reallığa çevrilməsində sözsüz ki, dövlət başçısı R.T.Ərdoğanın xarizması və apardığı siyasət, eləcə də türk millətinin əzmi və genetik quruluşu öz sözünü deyir. Rusiya-Ukrayna müharibəsinə də Türkiyə qonşu dövlət kimi biganə qala bilməzdi".
Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli Ukrayna və Rusiya prezidentlərinin ard-arda Türkiyəyə səfəri və bu səfərlərin Rusiya-Ukrayna müharibəsinin mümkün həllinə təsiri barədə danışarkən səsləndirib. O bildirib ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda BMT Baş katibinin də iştirakı ilə Rusiya-Ukrayna arasında baş tutan görüşdə Ukraynadan taxıl ixracı təmin edilmişdi:
"Vaxtaşırı olaraq əsrlərin dəyişdirilməsində də Türkiyədə baş tutmuş danışıqların əhəmiyyətli rolu olmuşdur. Ukrayna Rusiyaya qarşı müharibəni təkbaşına aparmadığından prezident V.Zelenski daimi olaraq dəstək və kömək axtarışındadır. Rusiya ilə münasibətləri yaxşı olan Türkiyə Rusiya və Ukraynanın sözlərinin bir-birinə çatdırılmasında indi ən yaxşı vasitəçidir".
Politoloq deyib ki, Zelenski də bundan istifadə etmək istəyir və ona görə də Türkiyəyə səfər edərək prezident Ərdoğanla görüşüb:
"Ancaq bütün bunlar o demək deyil ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin həllində nail ola biləcək. Bunu yəqin ki, Ankarada da dərk edirlər. Ona görə də Türkiyənin əlində müharibənin dayandırılması və sülh razılaşması haqqında sənəd yox, özünün milli maraqlarının qorunması ilə bağlı plan ola bilər".
Süleyman