Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Qərbi dağıdıcı siyasətdən əl çəkməyə səsləyir

Bakı Qərbi dağıdıcı siyasətdən əl çəkməyə səsləyir


"ABŞ və Fransanın revanşist Ermənistanı dəstəkləmək və bu ölkə üzərindən Azərbaycana qarşı yeni cəbhə açmaq siyasətinə ölkəmizin iqtisadi əməkdaşlıq üzrə əsas tərəfdaşlarından biri olan Avropa İttifaqının (Aİ) da qoşulması təəssüf hissi doğurur. Bu baxımdan aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı rəsmilərinin müştərək görüşünün Azərbaycan tərəfində narahatlıq yaratması heç də təsadüfi deyil. Belə ki, Brüsseldə Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq üçtərəfli görüşdə hərbi paktın müzakirə ediləcəyi və Ermənistanın silahlandırılması istiqamətində qərarların qəbul olunacağı gözlənilir. Hərçənd ki, həm rəsmi İrəvan, həm də ABŞ və Aİ nümayəndələri necə deyərlər, cidanı çuvalda gizlətməyin mümkün olmadığını görüb və bu görüşün Azərbaycan tərəfdə haqlı olaraq narahatlıq doğurduğunu hiss edib, Brüssel görüşünün hərbi məsələlərə deyil, əsas etibarilə Ermənistanın iqtisadi inkişafı məsələlərinə həsr ediləcəyini vurğulayırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, elə ABŞ dövlət katibi Antoni Blinken də dünən Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi zəngində də Brüssel görüşünün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb və dövlətimizin başçısını bu görüşün Azərbaycana qarşı olmadığına inandırmağa çalışıb:

"Lakin Blinkenin zəmanətinə inanmaq olarmı? Əlbəttə ki, inanmaq olmaz və mövcud beynəlxalq reallıqları kifayət qədər dərindən bilən, beynəlxalq diplomatiyanın həm nəzəri, həm də praktik tərəfini uzun illərdir ki, real rejimdə izləyən İlham Əliyev kimi usta strateq də Qərbin bu kimi aldadıcı manevrlərinə, etibarsız zəmanətlərinə inanmır. Azərbaycan tərəfinin əldə etdiyi konfidensial məlumatlar onu göstərir ki, 5 aprel görüşündə guya yalnız iqtisadi məsələlərin müzakirə ediləcəyinin vurğulanması sözügedən görüşün əsl mahiyyətinin kamuflyaj olunmasına xidmət edir. Əsl həqiqətdə isə bu görüşdə Ermənistana, indiyə qədər MDB ölkələrinin heç birinin nail olmadığı dərəcədə yüksək səviyyədə iqtisadi, humanitar, siyasi, hərbi, kibertəhlükəsizlik və s. sahələrdə kompleks köməkliklərin göstərilməsi üzrə böyük planın təsdiqlənməsi gözlənilir".

Komitə sədrinin qənaətincə, ona görə də Azərbaycan Prezidenti Blinkenlə telefon söhbətində açıq şəkildə qeyd edib ki, onda olan məlumatlara görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı təxəyyülə yox, real faktlara əsaslanan siyasətçilərdəndir:

"Bu mənada İlham Əliyev malik olduğu real məlumatı səsləndirməklə Blinkeni fakt qarşısında qoyub. Həmçinin onu da bildirib ki, anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımlar, o cümlədən Fransanın açıq şəkildə Ermənistanı silahlandırmaq siyasətini yürütməsi regionun militarizasiyasına rəvac verəcək və eskalasiyaya gətirib çıxaracaq.
Lakin görünən budur ki, Qərb Ermənistandan bölgədə öz geosiyasi maraqlarının təmin olunması üçün alət kimi istifadə etməkdə tam qərarlıdır. Ona görə də rəsmi Bakının Qərbin zəmanətlərinə inanmamağa və 5 aprel görüşünün gündəliyinin gizli tərəflərindən narahatlığını bildirməyə haqqı çatır. Bu görüş bölgədə tarazlığın pozulmasına və gərginliyin permanent şəkildə artmasına gətirib çıxaracaq. Brüssel görüşündən sonra Cənubi Qafqazda sülh imkanları tamamilə sıfırlanacaq. Bütün bunları nəzərə alaraq biz bundan sonra baş verə biləcək hər cür mənfi proseslərə hazır olmalıyıq. Prezident İlham Əliyevin də Blinkenlə telefon söhbətində qeyd etdiyi kimi aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq. Bu mənada rəsmi Bakı Qərbi dağıdıcı siyasətdən əl çəkməyə səsləyir".

Süleyman
Xəbəri paylaş