Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinken siyasi jest naminə Azərbaycan Prezidentini məlumatlandıra bilərdi

Blinken siyasi jest naminə Azərbaycan Prezidentini məlumatlandıra bilərdi


"ABŞ dövlət katibi Antoni Blinken və İlham Əliyev arasında baş tutmuş telefon danışığı haqqında ABŞ Dövlət Departamenti açıqlama verib. Açıqlamadan ABŞ-ın danışıqlarda əsas maraqlarının nədən ibarət olması açıq-aşkar görünür. Əvvəla ABŞ-Avropa İttifaqı-Ermənistan üçlüyünün görüş məsələsi ilə bağlı heç bir nüansın yer almaması təəssüf doğurur. ABŞ dövlət katibi ən azı siyasi jest naminə bu barədə Azərbaycan Prezidentini məlumatlandıra bilərdi. Ancaq tamamilə əksinə olaraq, dolayısı ilə bu görüşün baş tutması əleyhinə Azərbaycanı addım atmamağa çağırıb. Hətta xəbərdarlıq səviyyəsində! Belə ki, dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. O bildirib ki, ABŞ-ın ikili siyasətini ifadə etməklə yanaşı, hakimiyyət üçün də ciddi siqnaldır:

"ABŞ bizimlə yalnız enerji və iqlim prioritetləri ilə bağlı məsələlərdə əməkdaşlıq etmək niyyətini bir daha ifadə edib. Burada COP29-a görə iqlim prioritetləri məsələsi formal və müvəqqəti xarakter daşıdığından, görünür, ABŞ-ın əsas maraqları Azərbaycanın enerji resurslarının istismarına yönəlib. Enerjinin Qərbə ötürülməsi və ondan əldə olunan pulların (formasından asılı olmayaraq) Qərb banklarında saxlanılması ABŞ-ın siyasi və iqtisadi maraqlarına cavab verir. Əks halda A.Blinken korrupsiya, rüşvətxorluq, çirkli pulların yuyulması kimi məsələləri qaldırardı və bu sahədə ABŞ-ın mümkün köməkliyini təklif edərdi.

ABŞ-ın Dövlət katibi daha bir məsələni qabardıb. Bu da ölkəmizdə insan hüquq və azadlıqlarına münasibətdir. Dövlət Departamentinin açıqlamasında göstərilir ki, A.Blinken “Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb". Bu mesajı ilə ABŞ dövlət katibi Azərbaycana qarşı ittihamla çıxış edib, ölkəmizin demokratik dəyərlərdən uzaqlaşdığını və demokratik Qərbin hər hansı dəstəyinə ümid etməməli olduğunu çatdırıb".

Süleyman
Xəbəri paylaş