Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük İnsanlar həmişə anılır

 
Böyük İnsanlar həmişə anılır



Ömrünü xalqı üçün yaşayanlar tarixi şəxsiyyətdi. Hansı sahədə işləyirsə işləsin, onların amalı xalqa xidmətdi, insanların rifahının cəfakeşi olmaqdı. Bir ömrü dövlətçilik, dövlət üçün yaşamaq böyük vətəndaşlıqdı, Vətənə sonsuz sevgidi.

Zərifə xanım Əziz qızı Əliyeva həkim idi, oftalmoloq idi, bu ixtisasa malik olan Böyük İnsan idi. Onun üçün bəşərilik vardı, insanlıq vardı, insanlığı əhatələyən azərbaycançılıq vardı. Belə yaşayırdı. Azərbaycanı sevənləri yaşada-yaşada, gözlərə nur verə-verə, gözlərin işığının cəfakeşi ola-ola yaşayırdı.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanda, Şahtaxtıda anadan olmuşdu. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdi. Oftalmoloq idi, oftalmologiyanın nəzəri məsələlərini də araşdırırdı, xəstəlikləri yaradan səbəbləri, onların müalicə sistemini də. Tibb elmləri doktoru, professor idi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi...

Sovetlər dönəmində də bəzi xəstəliklıər kütləvi hal almışdı. Belə xəstəliklərdən biri də traxoma idi. Bu xəstəlik o vaxtlarda bir oftalmoloq kimi Zərifə xanımı da düşündürürdü. Həmişə insanların, insanlığın keşiyində dayanmağı özünə ömür düsturu bilən bu Böyük İnsan fəaliyyətini bu xəstəliklə mübarizəyə yönəltdi. Bu xəstəlik harda peyda olsa, ora gedir, bilik və bacarığını onun ləğvinə həsr edirdi. Həmin vaxtlarda Zərifə xanım Əliyeva traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi üzrə istər elmi, istərsə də əməli fəaliyyətini sistemli şəkildə uğurla davam etdirirdi. Cəfakeş alim 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası, 1976-cı il may ayının 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev anası haqqında fikirlərini Böyük İnsan haqqında deyilmiş fikir kimi oxumuşuq, bu fikir düşüncələrimizə belə hopub: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı”...

15 aprel böyük alim, Azərbaycanı və azərbaycanlıları varlığı ilə sevən Böyük İnsan Zərifə xanım Əlyevanın anım günüdür. Onu həmişə anmışıq, indi də anırıq, həmişə də anacağıq. Belə insanların ömrü əbədiyyət ömürüdür...
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 
 
Xəbəri paylaş