Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi Azərbaycan üçün həmişə prioritet xarakter daşıyıb. Prezident İlham Əliyev bu gün TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edərkən çıxışında Türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqamət kimi müəyyən olunduğunu bir daha təsdiqlədi.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. O, həmçinin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında bizim ailəmizin Türk dünyası olduğunu vurğuladığını da xatırlatdı: “Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir”.
Azərbaycan lideri Türk dünyasının parlament nümayəndələri ilə görüş zamanı son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin birliyimizi daha da gücləndirdiyini qeyd etdi və bunun əlamətlərindən biri kimi yaxın vaxtlarda (iyul ayında) Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirdi. Yeri gəlmişkən, Türk dünyası liderlərinin Şuşa Zirvəsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək. Prezident onu da qeyd etdi ki, bu cür zirvə toplantılarının ildə bir dəfə yox, daha tez-tez keçirilməsinə ehtiyac var: “Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək”.
Türk dövlətlərinin başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi sözsüz ki, böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Bu, həm də rəmzi məna daşıyan bir görüş olacaq. Şuşa görüşü birlik və qardaşlığın Zirvəsi olacaq. Burada söhbət həm də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə türk dövlətlərinin Azərbaycana verdiyi dəstəkdən gedir. Dövlətimizin başçısı çıxışnda qeyd etdi ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və bu gün sürətlə quruculuq-bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin səfərləri baş tutub. Eləcə də Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər edib. Prezident İlham Əliyev bunun işğaldan azad edilmiş torpaqların bərpası üçün böyük məna daşıdığını görüş iştirakçılarının diqqətinə çatdırdı: “Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidenti ilə bərabər Ağdam rayonunda qoyduq. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Yəni, bütün bunlar bir daha birliyimizi göstərir. Bu fürsətdən istifadə edərək mən qardaş ölkələrə bir daha təşəkkürümü bildirmək istəyirəm. Onu da qeyd etməliyəm ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər”.
Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Bəli, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Və dövlətimizin başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı. Liderlərin Şuşadakı Zirvə görüşü isə bu birliyi daha da möhkəmləndirəcək. Yeri gəlmişkən, Şuşa görüşünün əsas mövzularından biri də nəqliyyat-logistika ilə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının daha sıx birləşməsi üçün hava-su kimi vacibdir. Şuşada keçirilən Zirvə görüşü bu prosesə ciddi təkan verəcək. Bir sözlə, mədəniyyət paytaxtımızda keçiriləcək Zirvə görüşündən gözləntilərimiz böyükdür. Təki nəticələr bütün Türk dünyası üçün xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri