Azərbaycan 2000-ci ildən BMT-nin "Minilliyin İnkişaf Məqsədləri" Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirən və tolerantlığa, multikulturalizmə verdiyi töhfəyə, gender bərabərliyinin təşviqi və təmin olunması, yoxsulluğun qısa müddətdə azaldılması, xüsusilə insanların sağlamlığının qorunması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, ətraf mühitin yaxşılaşdırılması üzrə müsbət nəticəyə nail olmuş az sayda dövlətlərdən biri olaraq “2030 Gündəliyi”nin də fəal iştirakçısına çevrilmişdir.
“Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan üçün əhəmiyyət kəsb edən Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər vermişdir.
Milli Əlaqələndirmə Şurası Azərbaycanda əhalinin sosial-iqtisadi rifahını daha da yaxşılaşdırmaq, bu günədək görülmüş və əldə olunmuş nəticələrin davamlılığını qorumaq, habelə yeni çağırışlara uyğun məqsədlərə nail olmaq üçün qlobal əməkdaşlıq etmək məqsədi güdür. Hər il ölkədə 17 məqsədi əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlanır və 2016-ci ildən etibarən Azərbaycan 3 “Könüllü Milli Hesabat”ı hazırlayan aparıcı ölkələrdən biridir.
Keçdiyimiz günlərdə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumunda 4-cü Könüllü Milli Hesabatı təqdim edib. “Dayanıqlı inkişaf üçün “2030 Gündəliyi”nin gücləndirilməsi və çoxsaylı böhranlar dövründə yoxsulluğun aradan qaldırılması: davamlı, dayanıqlı və innovativ həllərin effektiv çatdırılması” mövzusunda hazırlanmış hesabat 2021-ci ildən indiyə qədər olan dövrdə DİM-lər üzrə həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətləri özündə əks etdirir.
Qeyd edim ki, 4-cü Könüllü Milli Hesabatın hazırlanması artıq Azərbaycanın suverenliyini tam bərpa etdiyi bir vaxta təsadüf edir. Bu baxımdan, Hesabatda azad olunmuş ərazilərimizin bərpası üzrə görülmüş işlər, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə genişləndirilmiş əməkdaşlıq layihələri, statistik məlumatların əldə edilməsində nailiyyətlər xüsusi yer alıb.
Belə ki, hazırda Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulması, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışı təşkil edir. Beləliklə, təqdim olunmuş Hesabat ilk dəfədir ki, BMT-nin tamhüquqlu üzvü olan Azərbaycanın bütün ərazilərini əhatə edir.
Diqqətəlayiq məqamlardan biri də, dünyada 5 ölkədən biri olmaqla, regionda və MDB məkanında Azərbaycanın 4-cü Könüllü Milli Hesabatını təqdim edən yeganə ölkə olmasıdır. Bu, şübhəsiz ki, Azərbaycanın beynəlxalq müstəvidə BMT-yə olan hörmətinin bariz nümunəsidir. Azərbaycan hər zaman BMT və onun alt strukturları ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurub, eləcə də BMT-nin çoxşaxəli fəaliyyətinə öz dəstəyini ifadə edib.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzv kimi ilk dəfə 4 yanvar 2012-ci ildən iştirak etmiş, mayın 1-dən etibarən isə BMT TŞ-yə etdiyi sədrlik hələ o zaman “heç kəsi kənarda qoymayaq” prinsipinə əməl etməklə həyata keçirilmişdir.
Bu gün də BMT-nin universal sənədi olan və 2030-cu ilə qədər 17 məqsədi özündə ehtiva edən “2030 Gündəliyi”nə Azərbaycan hökumətinin nümayiş etdirdiyi münasibət qlobal çağırışların həyata keçirilməsində götürülmüş öhdliklərə məsuliyyətli yanaşmadır.
Məhz görülmüş işlərin müqabilində beynəlxalq ictimaiyyət yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakı şəhərində keçirilməyini dəstəklədi. Təsadüfi deyil ki, təqdim olunan Hesabatda da COP29, Azərbaycanda DİM-lərin maliyyələşdirmə mexanizmləri və tematik məqsədlər üzrə irəliləyişlər də öz əksini tapıb.
Beləliklə, bu günə qədər icra olunan layihələr onu deməyə əsas verir ki, Azərbaycan COP29-un keçirilməsində üzərinə düşən bütün təşkilatı işləri yüksək səviyyədə həyata keçirəcək və günümüzün qlobal çağırışı olan iqlim dəyişikliyi probleminə də bütün dövlətlər tərəfindən Azərbaycan qədər məsuliyyətli yanaşma ortaya qoyulacaq.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisini deputatı