Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Əmək hüququnun mənbələri içərisində ən mühüm və əsas yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. Konstitusiyanın 35-ci maddəsində deyilir: "Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır". Bundan başqa, əmək hüquq münasibətləri ilə bağlı Konstitusiyada hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ (36-cı maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat hüququ (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), birləşmək hüququ (58-ci maddə) və s. hüquqları da təsbit edilmişdir.
Konstitusiyanın 148-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onların arasında Beynəlxalq Əmək Təşkilatının Konvensiya və tövsiyələrinə böyük əhəmiyyət verilir. Azərbaycan təşkilatın 58 konvensiyasını və 1 protokolunu ratifikasiya etmişdir[29] və konvensiyanın əksər müddəaları Azərbaycan Respublikasının qanunvericilik və hüquqtətbiqedici fəaliyyətində nəzərə alınır. Konstitusiya ilə yanaşı, Əmək Məcəlləsinin "Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar" adlanan 1-ci maddəsində də Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminin həm də əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət olduğu qeyd olunur. Lakin bəzi müəlliflərə görə maddənin belə adlandırılması qüsurludur. Belə ki, beynəlxalq müqaviləni normativ hüquqi akt adlandırmaq düzgün deyil.
Əmək hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının Əmək Məcəlləsi xüsusi yer tutur. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Bu Məcəllə aşağıdakı şəxslərə şamil edilmir:
Azərbaycanda hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilmir. Onların əmək hüquqları xüsusi qanunvericilik aktları ilə (məs., "Hərbi qulluqçuların hüquqi statusu haqqında" Qanunla) müəyyən olunur.
• hərbi qulluqçulara;
• məhkəmə hakimlərinə;
• Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə;
• xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;
• podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə.
Azərbaycanda bəzi qanunlar əmək hüququnun xüsusi hissəsinin ayrı-ayrı institutlarına aiddir; məsələn, "Məşğulluq haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları buna misaldır.
Əmək hüququnun qanunqüvvəli aktları içərisində Azərbaycan Respublikası Prezidentinin fərmanları aparıcı rola malikdir. Buna misal olaraq "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanını göstərmək olar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmək münasibətləri sahəsində qəbul etdiyi qərar və sərəncamlar da əmək hüququnun mənbəyini təşkil edir. Buna misal olaraq "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə", "İşsizlik müavinətinin hesablanması və ödənilməsi qaydalarının təsdiq edilməsi", "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" qərarları göstərmək olar.
ƏƏSMN-in qəbul etmiş olduğu normativ aktlar əmək hüququnun mənbələri içərisində öz çəkisinə görə üstünlük təşkil edir. ƏƏSMN onun səlahiyyətinə aid olan məsələlər üzrə qərarlar qəbul edir və qüvvədə olan əmək qanunvericiliyinin tətbiqi haqqında müvafiq izahatlar verir. Məsələn, "Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə" İzahatı, "AR Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 №-li qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin" müvafiq bəndlərinin tətbiqinə dair" İzahatı buna misaldır.
İşçi
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
Beynəlxalq Əmək Təşkilatının Konvensiyaların və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsi Azərbaycanda işə qəbul üçün minimum yaş həddinin 15-dən 16-ya qaldırılmamasını mütəmadi olaraq narahatlıqla qeyd etmişdir. 1973-cü il tarixli İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında Konvensiyanı hələ 1992-ci ildə ratifikasiya edən Azərbaycan hökuməti bunu belə izah edir ki, minimum yaş həddinin 15-dən 16-ya qaldırılması icbari təhsili başa vurmuş 15 yaşına çatmış uşaqların işləmək imkanlarını məhdudlaşdıra bilər. Komitə isə Konvensiyanın minimum yaş həddinin artırılmasına icazə verdiyini və təşviq etdiyini, lakin müəyyən edilmiş minimum yaş həddinin azaldılmasına icazə vermədiyini xatırladaraq, hökuməti gecikdirilmədən lazımi tədbirlər görməyə çağırmışdır.
Əmək müqaviləsi üzrə işçinin bir sıra əsas hüquqları var: əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək; iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqını almaq və ya onun verilməsini tələb etmək; müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; hər il qanunvericilikdə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək; əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək və s.
Əmək müqaviləsi üzrə işçinin həm də bir sıra vəzifələri vardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və s.
İşəgötürən
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən dedikdə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür.
Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; qanunvericiliyin tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; əmək müqaviləsi bağlayarkən sınaq müddətini müəyyən etmək və s.
İşəgötürənin əsas vəzifələri isə bunlardır: işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək və s.
İş vaxtı
Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Bir qayda olaraq, 2 istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Gecə vaxtı görülən işlərə hamilə və 3 yaşınadək uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə yol verilmir.
Əməkhaqqı
Azərbaycanda işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.[28] Minimum əməkhaqqının məbləği prezident tərəfindən müəyyən edilir.[39] Bu məbləğ 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdi.[40] Bununla da 2022-ci ilədək son üç ildə minimum aylıq əmək haqqı 2,3 dəfə artırılaraq 130 manatdan 350 manata çatdırılıb.
Cavid
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Əmək hüquqları üzrə maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir.