"Rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını yubatmaq və vaxt qazanmaq üçün ən ağlasığmaz vasitələrə və variantlara əl atır. Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı “Azadlıq” radiosunun İrəvan bürosuna verdiyi ikibaşlı açıqlama da bu qəbildəndir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Ermənistan XİN-i hesab edir ki, “Ermənistan tərəfi Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə Azərbaycanla münasibətlərin hərtərəfli tənzimlənməsi və sülh müqaviləsinin imzalanması kontekstində baxa bilər”.
Komitə sədri deyib ki, Ermənistan xarici siyasət idarəsinin bu açıqlaması qeyri-peşəkar diplomatiyanın təzahürüdür:
"Aydındır ki, rəsmi İrəvan bu mövqeyi ilə, necə deyərlər, öz “qiymət”ini qaldırmağa, danışıqlar prosesində əlini gücləndirməyə və Azərbaycanın qarşısında hansısa şərtlər irəli sürərək “bazarlıq” etməyə, müəyyən güzəştlərə nail olmağa çalışır. Lakin Ermənistan tərəfi unudur ki, ATƏT-in Minsk Qrupunun formal mövcudluğunu davam etdirməsi Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etmir. Bu təsisat onsuz da çoxdan amorf, ölü quruma çevrilib".
Əlisahib Hüseynovun sözlərinə görə, bu gün həmsədrlik institutunun fəaliyyətini davam etdirməsi üçün heç bir əsas yoxdur:
"Çünki Azərbaycan və Ermənistan arasında "Dağlıq Qarabağ" adlı problem artıq mövcud deyil. ATƏT-in Minsk Qrupu da vaxtilə məhz bu problemin həlli prosesində tərəflər arasında vasitəçilik etmək üçün yaradılmışdı. Bu gün İrəvan və Bakı heç bir vasitəçiyə ehtiyac olmadan da, ikitərəfli formatda razılaşmalar əldə edə bilir. Ona görə də İrəvan öz havadarlarının (ilk növbədə isə Fransa və ABŞ-ın) növbəti geosiyasi avantüralarına qoşularaq çoxdan gündəmdən çıxmış ATƏT-in Minsk Qrupu kimi bivec qurumun reanimasiyasına və xortlamasına imkan verməməlidir".
Komitə sədri onu da diqqətə şatdırıb ki. İrəvan sülh sazişini erməni xalqının gələcəyi üçün zəruri hesab edirsə, Minsk Qrupu üzərindən aparılan kirli oyunlardan uzaq durmalıdır:
"Minsk Qrupunun buraxılması üçün sülh sazişini gözləmək lazım deyil. Bu qrupun buraxılması barədə birgə bəyanatı sülh sazişindən öncə də imzalamaq olar. İrəvan düzgün qərarlar qəbul etməyi öyrənməlidir".
Süleyman