Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ter-Petrosyanın etirafları onun Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılması məsələsini aktuallaşdırır

Ter-Petrosyanın etirafları onun Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılması məsələsini aktuallaşdırır


Tanınmış yəhudi-erməni qarışımlı videobloger Albert İsakovun özünün “YouTube” kanalında erməni mənbələrinə istinadən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündən paylaşdığı videogörüntüləri diqqətlə izlədim. İblis Ter-Petrosyanın həmin görüşdəki çıxışı zamanı etdiyi irqçi-faşist etirafları Ermənistanın son 30 ildəki işğalçı siyasətinin ifşa edilməsi və Ermənistana rəhbərlik etmiş hərbi canilərin məhkəmə məsuliyyətinə cəlb olunması üçün kifayət qədər ciddi faktoloji-informativ əsaslar yaradır.

Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalif mövqeyə keçən və onu Qarabağı satmaqda ittiham edən “Erməni Milli Konqresi”nin rəhbəri Ter-Petrosyanın Albert İsakovun təqdim etdiyi videogörüntülərdəki etirafları Levon Ter-Petrosyanın gerçək mahiyyətini ortaya qoyur və onun Azərbaycan torpaqlarının işğal edilməsində, eləcə də Xocalı soyqırımının törədilməsində Robert Köçəryan və Serj Sərkisyan kimi müharibə caniləri ilə bilavasitə əlbir olduğunu təsdiqləyir.

Ter-Petrosyan sözügedən çıxışında azərbaycanlıların Ermənistandan qovulmasını erməni xalqı üçün "böyük uğur" hesab edir və yalnız bundan sonra Ermənistanın müstəqil olduğunu sübut etməyə çalışır. Onun fikrincə, Ermənistan və Qarabağın azərbaycanlılardan tamamilə təmizlənməsi erməni xalqının 600 il ərzində həll edə bilmədiyi bir problemi həll etməsi deməkdir: “Bizim ən böyük xoşbəxtliyimiz odur ki, biz milislərimizin işini təşkil etdik. Yaradılan silahlı dəstələr ordumuzun dayağı oldu. Beləliklə, biz hələ Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl çox böyük təcrübə qazanmışdıq. Ermənistan və Qarabağ başqa millətlərdən (azərbaycanlılar nəzərdə tutulur) tamamilə təmizlənib. Bir daha təkrar edirəm, bu, 600 illik problem idi. Erməni xalqı bundan daha 600 il sonra onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin, əgər bu gün Ermənistanda 1988-ci ilə qədər buradakı 170 min başqa millətdən (azərbaycanlı) insan olsaydı, bizim dövlətimiz olmazdı. Biz nə şimal, nə şərq rayonlarımızı, nə də Sevanı (Göyçə gölünü) qoruya bilərdik. Üstəlik, burada üç yeni problemlə üz-üzə qalacaqdıq. Unutmayın ki, üç bölgədə azərbaycanlılar çoxluq təşkil edirdi. Bunlar Vardenis (Basarkeçər), Masis (Uluxanlı) və Amasya rayonları idi. Azərbaycanlılar Zəngəzurda da çoxluq təşkil edirdilər. Nə yaxşı ki, bu problem vaxtında həll olundu. Bu, bizə göydən hədiyyə kimi gəlmədi. Bizim hərəkat bu problemi vaxtında həll etdi. Xalqımızın milli azadlıq mübarizəsi davam edir. Erməni milli hərəkatı və onun hərbi qanadı bizim “Yerkrapa” özünümüdafiə birləşmələrimizdir. "Artsax"da da belədir. Bu gün Artsaxın bütün ərazisi və daha çoxu ermənilərin əlindədir. Bir şad xəbəri sizə çatdırmağı özümə borc bilirəm. Bu gün Ağdam şəhəri bizim əlimizə keçdi”.

Ağdamın işğal edildiyi gündə (23 iyul 1993-cü il) erməni terrorçuları və işğalçıları qarşısında çıxış edən Ermənistanın birinci prezidentinin bu etiraflarından bir daha bəlli olur ki, azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması, etnik təmizləmə siyasətinin həyata keçirilməsi və Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub. Ter-Petrosyanın etirafları Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryanın "azərbaycanlılarla ermənilərin etnik zəmində uyuşmazlığı" barədə bədnam açıqlaması ilə və Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Xocalı soyqırımı ilə bağlı ingiltərəli jurnalist Tomas de Vaala müsahibəsindəki etirafı ilə tamamilə üst-üstə düşür. Sərkisyan həmin müsahibəsində ermənilərin Xocalıda azərbaycanlı dinc əhaliyə qarşı qırğınlar törətdiyini az qala fəxr hissilə etiraf edib.

Bütün bunlar Levon Ter-Petrosyanın uzun illər ərzində özü haqqında böyük bir hiyləgərliklə formalaşdıra bildiyi "sülhsevər siyasətçi" imicini tarmar edir və onun gerçək bir ekstremist, müharibə baiskarı, soyqırım canilərindən biri olduğunu açıq şəkildə təsdiqləyir. Biz bu ifşaedici videokadrların ictimailəşməsini yaxın keçmişimizə aid tarixi həqiqətlərin öz yerini tutması kimi qiymətləndiririk. Ter-Petrosyanın etirafları onun özünün də, xələflərinin də Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılması məsələsini aktuallaşdırır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş