Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və
Suverenlik İli" kimi elan olunması ciddi tarixi əhəmiyyət kəsb edir. Bu il Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 30 ili tamam olur.
1993-cü ildə xalqımızın təkidi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər, ilk növbədə ölkədə baş verən hərc-mərcliyə, hakimiyyətə zorakılıqla gəlmək hallarına son qoydu və effektiv reformlar keçirməyə start verdi.
İlk növbədə müstəqil dövlətimizin Konstitusiyanın hazırlanmasına başlanıldı. Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə komissiya formalaşdırıldı və Konstitusiya üzərində intensiv iş aparılaraq 1995-ci ilin Noyabr 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Ulu Öndərimizin şah əsərlərindən olan yeni Konstitusiya dünyəvi, hüquqi və demokratik Azərbaycan dövlətinin idarə olunmasının bütün tərəflərini özündə ehtiva etdi. Beləliklə, 12 Noyabr 1995-ci il dövlət tariximizə qızıl hərflərlə yazıldı.
2002, 2009, 2016 - cı illərdə Konstitusiyamıza edilən əlavələr və aparılan dəyişikliklər onu yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirdi.
2025-ci ilin Konstitusiya ili elan olunması Azərbaycanın beynəlxalq müstəvidə hüquqi dövlət prinsiplərinə sadiqliyinin göstəricisidir.
Bununla yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi Zəfərimizdən artıq 5 il ötür. Azərbaycan ordusu 44 günlük "Dəmir Yumruq" əməliyyatı və 2023-cü il 23 saatlıq antiterror tədbirləri ilə 30 illik işğala son qoydu, torpaqlarımız üzərində suverenliyimizi bərpa etdi. Və beləliklə, Konstitusiyamızda əks olunan Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşdı.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini