"Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasıyla bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiklərini bildirib. Kremldən səs çıxmır. Görünür, Kremlin təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin AZAL-ın təyyarəsində həlak olan ekipaj üzvləri ailələri və sağ qalan bələdçilərlə görüşünü şərh edərkən səsləndirib. Politoloq qeyd edib ki, əksinə, son günlər nəzarət etdikləri informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldiblər:
"Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil. Deyəsən, Moskva-Tehran cütlüyü Suriyada məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışırlar. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfərini və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq".
Elxan Şahinoğlu deyib ki, bu iki dövləti yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir:
"Rusiya və İran ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər. Vladimir Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq. İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq".
Anar Əliyev