Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.
Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, hesabat müşavirəsində hərbi birləşmə rəhbərlərinin məruzələri dinlənilmiş, struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmişdir.
2024-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:
fevralın 12-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində sərhəd döyüş məntəqəsində xidmət aparan sərhədçinin yaralanmasına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;
dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə 10 500, axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;
ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 5 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16, qaçaqmalçılıqla 4, qeyri-qanuni miqrasiya ilə 8 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;
il ərzində 2 ton 601 kiloqram 980 qram narkotik vasitənin, 45 milyon 59 min 664 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 28 ton 754 kq narkotik xassəli bitkinin məhv edilməsi;
işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yolun çəkilməsi, 126.5 km yolun əsaslı təmir olunması, 1000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi valların salınması, 30.6 km məsafədə mühəndis-texniki çəpərin və fiber-optik kabel xəttinin çəkilməsi;
110.27 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursatın zərərsizləşdiriməsi qeyd edilmişdir.
2025-ci ildə qarşıda duran əsas vəzifə və tapşırıqlar diqqətə çatdırılaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının hazırlığının daim yüksək səviyyədə saxlanılması, şəxsi heyətin ayıq-sayıqlığının artırılması, xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi barədə göstərişlər verilmişdir.
Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunmuşdur.
Mehman Mehdiyev