"İmişlidə baş verən yol-nəqliyyat hadisəsində həlak olanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara şəfa arzulayıram. Ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Mən də hamı kimi sosial şəbəkələr vasitəsilə izlədim. Cinayət işi açılıb. Tam əminəm ki, hadisə istintaq orqanları tərəfindən ətraflı araşdırılacaq və hər kəs törətdiyi qanun pozuntusuna uyğun olaraq hüquqi qiymətini alacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.
Deputat qeyd edib ki, görünən odur ki, qarşı yoldan sola dönən mersedes markalı maşın yol polisinin xidməti maşınının qarşısına çıxır və ikinci idarəetməni itirir:
"Nəticədə, polis maşını yolun sağında hərəkət edən uşaqlara dəyir. Təbii, bu bir neçə ailənin faciəsidir. Əfsuslar olsun ki, elə bir gün yoxdur ki, ölkənin müxtəlif regionlarında, magistral yollarda müxtəlif yol-nəqliyyat hadisələri baş verməsin. Hər gün bu tipli məlumatları mətbuatdan oxuyuruq. Bəzi hallarda daha ağır fəsadlı faciələr, məsələn, bütöv bir ailənin məhv olunması ilə müşahidə olunan hadisələr baş verir. Yaxşı olar ki, belə hadisələr baş verməsin. Cəmiyyət varsa, cinayətlər də olacaq, bədbəxt hadisələr də. Bundan heç bir dövlət, heç bir fərd sığortalanmayıb. Bu yaxınlarda baş vermiş təyyarə qəzasında xəsarət alanlardan 15 sərnişin mənim təmsil olunduğum Balakən rayonundan idi. Onlardan 10-u həlak oldu. Dünyasını dəyişənlərdən 3 nəfər bir ailənin üzvü idi. Bir ailə üçün əsil faciədir. Neyləmək olar, bu həyatdı".
Deputat vurğulayıb ki, İmişli hadisəsində, ictimaiyyəti narahat edən, oraya toplaşmış insanların ifrat aqressivlikləridir:
"Hadisədə dünyasını dəyişənlərin yaxınlarının daxili emosiyal vəziyyətlərini başa düşmək olar. Ancaq, yüzlərlə insanın hadisədən sui-istifadə etməklə, polis maşını aşırmaqları, hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumları, ictimai-siyasi sabitliyin pozulmasına yönəlik aqressiv davranışları qəbul edilməzdir. Polis də bizimdir, bizim xalqın nümayəndələridir. Başqa ölkədən gətirilməyib. Azərbaycanda mövcud olan sabitlik, dünyanın bir çox ölkələrində yoxdur. Bu sabitliyin qorunmasında, insanlarımızın, ölkəyə gələn qonaqların gecəli-gündüzlü heç kimdən qorxmadan təhlükəsizliyinin təmin olunmasında polisin zəhməti, rolu son dərəcə böyükdür".
Videolarda, bilavasitə hadisəyə aidiyyəti olmayan, ancaq, öz məqsədləri üçün bəhrələnmək istəyən təxribatçıların fəaliyyəti hiss olunurdu. Elə olmasaydı, bir nəfər polis işçisinin törətdiyi hadisədə, ölkənin bütün polislərini günahlandırmazdılar. Ölkə qanunlarla idarə olunur. Hər kəs özünə cavabdehdir. Hər kəsə bəllidir ki, hadisə qəsdən törədilməyib, əvvəlcədən planlaşdırılmayıb. Tərəflər arasında düşmənçilik olmayıb. Sual olunur. İnsanların hissləri ilə oynamaqla, dağıdıcı hərəkətlər kimə lazımdır? Adətən, bu tipli etirazlar düşmənçilk zəminində baş verən kütləvi cinayətlərdən sonra qeydə alınır. Burada isə, təkrar edirəm, ehtiyatsızlıq və yaxud səhlənkarlıq nəticəsində cinayət baş verib və kimliyindən asılı olmayaraq cəzasını alacaq. Başqa yerə yozmaq, sabitliyi pozmaqla, məkrli məqsədlərini həyata keçirmək lazım deyil. Qızışdırıcı əməllərdən çəkinmək, əksinə, hadisədən zərər çəkmiş insanlara maddi və mənəvi dəstək olmaq, onların dərdinə şərik olmaq lazımdır".(sonxeber.az)