Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənub qonşumuzun trol ordusunun ümidinə qalması molla rejiminin acizliyini göstərir

Cənub qonşumuzun trol ordusunun ümidinə qalması molla rejiminin acizliyini göstərir


2023-cü il fevralın 20-də İrana səfərə gedən və orada qanunsuz əsaslarla həbs edilən Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin dövlətimizin səyləri nəticəsində azadlığa buraxılması və vətənə qaytarılmasının molla rejiminin trolları tərəfindən ajiotajla qarşılanması təəccüblü deyil. Onların bu hadisədən əlverişli bür fürsət kimi yararlanmaq cəhdləri göz qabağındadır. Trollar Fəridin 2 illik həbsdən sonra Azərbaycana təhvil verilməsi faktından İranın ölkəmizdəki sarsılmış nüfuzunu bərpa etmək, molla rejiminin guya yaxın qonşuluq siyasəti yürütdüyü fikrini formalaşdırmaq üçün bir vasitə kimi istifadə etməyə çalışırlar.
Sosial şəbəkələrdə son günlər birdən-birə kütləvi paylaşımları ilə, şablon rəyləri ilə xüsusi aktivlik göstərən çoxsaylı trol "ordu"sunun Fərid Səfərlinin azadlığa buraxılmasını utanmadan məhz İran hakimiyyətinin humanistliyinin, rəhimliliyinin nəticəsi kimi təqdim etməsi də bu fikrimizi təsdiqləyir. Saxta profillər vasitəsilə sosial şəbəkələrdə çəyirtkə sürüsü kimi hücuma keçən bu trollar onu da iddia edirlər ki, guya, Fərid Səfərli "İran əleyhinə casusluq edib, lakin buna baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərilib və həmçinin, layiq olmadığı halda Azərbaycana qaytarılıb”. Onların xain düşüncələrinə görə, rəsmi Tehran Fərid Səfərlini buraxmaq əvəzinə, 8-10 il müddətinə həbsdə saxlaya və ya ona ölüm cəzası da verə bilərmiş, ancaq "humanizm nümayiş etdirərək onu azadlığa buraxıb".
Sözsüz ki, sosial şəbəkələrin Azərbaycan seqmentində "lövbər" salaraq ölkəmizə qarşı ideoloji hücuma keçən və İranın "müsbət" imicini yaratmağa cəhd göstərən simasız trolların, İran aşiqlərinin bu cür şərhləri və iddiaları reallığı əks etdirmir. Onların iddiaları həqiqətləri ört-basdır etməyə hesablanıb. Çünki trolların "rəhmli, humanist, insanpərvər" ölkə kimi təqdim etməyə çalışdıqları İran "İslam" Respublikasının molla hakimiyyəti və hüquq-mühafizə orqanları əsl həqiqətdə Fərid Səfərliyə qarşı həm istintaq zamanı, həm də həbs dövründə olduqca rəhmsiz, qeyri-humanist və qeyri-insani tərzdə davranıblar. Bunu Fəridin anası Dilarə Əsgərovanın mətbuata verdiyi açıqlaması da təsdiqləyir.
Dilarə Əsgərovanın sözlərinə görə, oğlunun başına gətirilənlər haqqında bəlkə də bir kitab yazmaq olar: “Onu heç bir aiddiyatı olmayan mövzularla saatlarca dindirməklə mənəvi əzab veriblər, casususluqda təqsirləndiriblər. SEPAH Fəridin istintaqını apararkən oğlu ilk 51 günü kiçik bir otaqda tək-tənha saxlanılıb, asılmaq təhlükəsi ilə yaşayıb, dəhşətli hisslər keçirib. Bütün bu başına gələnlər onu dərin depressiya vəziyyətinə salıb. Ürəyi arzularla dolu bir gənci, həyatdan küskün, özünü cəmiyyətdən təcrid etmiş bir insana çeviriblər. Gəldiyi gündən bir otağa girib, heç kimi görmək istəmir”.
Bax, budur, İranı idarə edən mollaların və SEPAH-ın dırnaqarası "rəhmliliyi, humanistliyi" bundan ibarətdir. Trollar molla rejiminin bizim vətəndaşımıza qarşı qəddarlığını bu cür mənəviyyatsız, saxtakar şərhlərlə malalamağa çalışırlar. Ancaq onlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc və miskin göründüklərini də bilməlidirlər. Həqiqətləri təhrif etmək insanlığa, müsəlmanlığa yaraşan hərəkət deyil. Fərid Səfərli ilə bağlı real həqiqət isə ondan ibarətdir ki, o, məhz Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində qonşu ölkədən təhvil alınaraq vətənə qaytarılıb.
Fəridin anası Dilarə Əsgərova da mediaya açıqlamasında bu məqama toxunaraq, dövlətimizin başçısına minnətdarlığını bildirib:
“Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona “sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi" deyib. ABŞ kimi bir dövlət belə İranda tutulmuş vətəndaşlarını illərlə azad etdirə bilmir. Ona görə bu məsələnin 23 ayda bitməsini böyük bir uğur kimi qiymətləndirirəm. Həm DTX əməkdaşlarının Fərid ilə danışığına, həm də Tehrandakı səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub, buna görə də cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.
Göründüyü kimi Fərid Səfərli müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun iddia etdiyi kimi Tehranın "rəhmli, mərhəmətli" siyasətinin nəticəsi kimi deyil, Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qarşılıqlı prosedur çərçivəsində, mübadilə nəticəsində qaytarılıb. Trolların indiyə qədər misli görünməmiş səviyyədə aktivlik nümayiş etdirmələri isə həmişəki kimi nəticəsiz qalmaqla yanaşı, həm də onların deşifrə edilməsi, ifşa olunmaları üçün də əlavə imkan yaratdı. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və digər xüsusi xidmət orqanlarımızın səmərəli fəaliyyəti bu cür anti-Azərbaycan qüvvələrin məkrli addımlarının qarşısının alınması və neytrallaşdırılmasında önəmli rol oynayacaq. Cənub qonşumuzun trol ordusunun ümidinə qalması molla rejiminin acizliyini göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş