Türkiyədə elektriklə işləyən avtomobillərin sayı, Togg avtomobilinin satışa çıxarılması sayəsində əvvəlki ilə nisbətən 129,6 faiz artaraq 183 776 ədədə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, eyni dövrdə hibrid avtomobillərin sayı 391 296 ədədə yüksəlib.
Elektriklə işləyən avtomobillərin qeydiyyata alındığı ilk il olan 2011-ci ildə 24 elektromobil qeydiyyatda olduğu halda, 2018-ci ildə bu rəqəm 952-yə çatıb. 2019-cu ildə qeydiyyata alınan elektrik avtomobillərin sayı 1000-i keçib. Bu rəqəm 2021-ci ildə 6267, 2022-ci ildə 14552, 2023-cü ildə 80043-ə yüksəlib. Ötən ilin sonuna olan məlumata görə, nəqliyyatda qeydə alınan elektrik avtomobillərin sayı 2023-cü illə müqayisədə 129,6 faiz artaraq 183 min 776-ya çatıb.
2024-cü ildə yolda qeydə alınan avtomobillərin sayı 16 milyon 232 min 458 olaraq hesablanıb. Qeydiyyata alınmış avtomobillərdə elektromobillərin xüsusi çəkisi 1,1 faiz olub. Belə ki, keçən il yolda olan hər 88 avtomobildən 1-nin elektriklə işləyən olduğu təyin edilib.
Mehman Mehdiyev