Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyanətnamə yazanlar

Xəyanətnamə yazanlar


Bir namə yazım, badi səba yarə yetirsin.
Oxu bu naməni, əzizim Eldar. Qoy mənim dərdimi dağlar dinləsin.

Təbii ki, bu sətirlər hansı məşhur poemadan götürülüb, nə vaxt yazılıb, kim tərəfindən qələmə alınıb və hansı tarixi hadisələrlə bağlıdır – bunu demək olar ki, hər kəs bilir. İndi bizim "şüursuz şura" adlanan xəyanətkarlar şurasında təmsil olunan bəzi tanışlarım var. Onları çoxdan tanıyıram. Onlara məsləhətim: bu ifadələri üzərinizə götürməyin. Tövsiyəm budur ki, xəyanətkarlar şurasında olmayın.

Əlqərəz, bu lazımsız və lüzumsuz qurumun rəhbərliyi... Əzizləri Putinə canlı bir namə yazıblar. Poemanın dilindən desək, əslində bu simaların iç üzü, əsl kimliyi hamıya bəllidir. Bir daha bu məktub-namə ilə özlərinin xislət məkrliliyini təsdiq etdilər.
Xatırlayıram, 2002-ci ildə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı bir məsələnin şahidi oldum. Hakim partiyanın nümayəndələri öz çıxışlarını edib fikirlərini bildirdilər Sonra indi xəyanətkarlar şurasında təmsil olunan, müxalifət adı ilə parlamentdə təmsil olunan qrupun rəhbəri söz alıb müzakirə olunan büdcə qanununu tənqid etdi.. Biz jurnalistlər isə yuxarıdan, bəlli yerdən dinləyib qeydlərimizi aparırdıq.Müzakirələr bitəndən sonra həmin tənqidi çıxış edən şəxsin mətbuat qurumunun iqtisadiyyat bölməsinin rəhbəri belə bir cümlə işlətdi: "Əslində, hakim partiya düz deyir. Sadəcə, biz də nəsə deməliyik, tənqid etməliyik də."

O vaxt bu ifadəni işlətməsi məndə şübhələr oyatmağa başladı. Sonradan bildim ki, bunlar sadəcə tapşırılan missiyanı yerinə yetirirlər. Onlar pərdə arxasında bir oyun oynayır, pərdə önündə isə tamamilə fərqli bir oyun qururlar. Bunun el dilində adı nədir, xalqımız yaxşı bilir.

Daha sonra mən bu məsələni ətraflı şəkildə araşdırdım Kimin hansı missiyanı yerinə yetirdiyini, bunun qarşılığında nə əldə etdiyini və bu planların hansı nəticələrə xidmət etdiyini öyrənmək üçün kifayət qədər məlumat öyrəndim. Bu adamlar o qədər alışqanlıqla öz mənfəətlərini təmin edirlər ki, illər boyu qazandıqları vərdişlərdən əl çəkə bilmirlər və çəkmək də istəmirlər. Bu, mümkün deyil.

Bir başqa ölkənin rəhbərinə öz dövlətinin siyasi maraqlarını, dövlətçilik maraqlarını, xalqının milli maraqlarını və dəyərlərini əks etdirərək satqınlıq etmək ən böyük xəyanətdir. Bu oyunun iştirakçıları isə ən böyük trol və ən eybəcər trol olublar. Özləri başqalarına "trol" damğası vuranlar, əslində Fransanın və Rusiyanın troludurlar. Bu ölkələr daim Azərbaycana qarşı düşmən mövqe sərgiləyib və bu münasibətdə hər zaman öndə olublar..

İllərdir hakimiyyəti Rusiya və Fransa ilə qurulan münasibətlərdə qınayan, amma reallığı dərk etməyən qanmazlar, anlamırsınız ki, dövlət idarəçiliyi kontekstində beynəlxalq münasibətlərin öz fəlsəfəsi var. Biz əminliklə qeyd edə bilərik ki, bu münasibətlər milli ideologiyamızın və milli maraqlarımızın tam bərqərar olması üçün həyata keçirilən münasibətlər olub.

Siz Ermənistanın prezidentinə belə məktub yazmağa hazırsınız ki, hakimiyyətə gəlmək üçün sizə dəstək versin. Başqa yollarla hakimiyyət xəyalınız mümkünsüzdür, çünki o ağıla yiyələnməmisiniz. Siz Ermənistanı "demokratik ölkə" adlandıran şarlatanlarsınız. Siz bizə düşmən olan ölkələrlə hər cür əməkdaşlığa hazır olan əbləhlərsiniz.

Siz o qədər çirkab içindəsiniz ki, nəfəs almaq üçün metal turbadan istifadə edirsiniz. Əmin olun ki, bu xəyanətlərinizin cavabını mütləq və layiqincə alacaqsınız!
Azərbaycana qarşı soyqırım törədən, vandalizmi təmsil edən, terrorçuluğu təbliğ edən və ömrü boyu hər zaman terrorçuluqla məşğul olan bir ölkənin rəhbərinə "demokrat" deyən şəxslər, təbii ki, bu xəyanətidə etməlidirlər. Bu xəyanətkar insanlar bu əməlləri ilə öz xislətlərini bir daha ortaya qoyurlar.

Siz bu ölkəyə, bu xalqa bir tənəsiz. Bu dövləti idarə edənlər, dövlətin mənəvi-əxlaqi keyfiyyətlərini qorumaq üçün müəyyən məsələlərin qabardılmasının qarşısını alırlar. Sizin bu məktublaşmanızın və digər xəyanət əməllərinizin kəsilməsini ehtiyatlı formada təmin edirlər ki, ölkəmizin siyasi tablosunda neqativ ifadələr yazılmasın. Zatən sizi hamı tanıyır, kimlərə və nələrə çalışdığınızı hamı çox yaxşı bilir.

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş