
Mərkəzi Asiya ilə Əfqanıstanı birləşdirəcək Trans-Əfqan dəmir yolu layihəsi reallaşır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloyev məlumat verib.
O deyib ki, Termizdən cənub dənizlərinə qədər Trans-Əfqan dəmir yolu kimi layihələrin həyata keçirilməsi nəhəng makroregionun ticarət-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişdirə, Mərkəzi və Cənubi Asiyanı qarşılıqlı ticarət və investisiya artımının yeni sürücüsü ilə təmin edə bilər.
Nazir müavini bildirib ki, Mərkəzi və Cənubi Asiya ölkələrinin rahat avtomobil yollarına, dəmir yollarına, ölkələri birləşdirən, yük və sərnişinlərin sürətli və etibarlı tranzitini təmin edən hava yollarına ehtiyacı var:
"Bizim müəssisələr arasında qarşılıqlı ticarəti və əməkdaşlığı artırmaq üçün böyük potensialımız var. Birgə investisiya layihələrinin həyata keçirilməsi, maneələrin aradan qaldırılması, standartların unifikasiyası, əməkdaşlığın genişləndirilməsi - bütün bunlar demək olar ki, 2 milyard nəfərlik vahid bazarın formalaşmasına imkan verəcək".
Cavid İmaməliyev