
Ermənistanın üçtərəfli razılaşmanı pozması, regional və beynəlxalq təhlükəsizliyə təhlükə yarada bilər. Belə ki, həmin bəyanat vasitəsilə müharibə vəziyyəti dayandırılmış, sülhməramlı qüvvələr yerləşdirilmiş və milyonlarla insanın həyatı birbaşa olaraq bu razılaşmanın davamlılığından asılı vəziyyətə düşmüşdür.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov Ermənistanın üçtərəfli bəyanatdan imtina edəcəyi təqdirdə üzləşəcəyi problemləri şərh edərkən deyib. O bildirib ki, Ermənistanın bu öhdəlikdən imtinası, BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, “sülhə təhdid”, “sülhün pozulması” və “təcavüz aktı” kimi qiymətləndirilə bilər:
"Bu isə BMT Təhlükəsizlik Şurasının məsələyə müdaxiləsini və Ermənistanın sanksiyalara məruz qalmasını gündəmə gətirə bilər".
Hüquqşünas hesab edir ki. bundan əlavə, Ermənistan Avropa Şurasının və ATƏT-in üzvü olaraq, münaqişələrin dinc yolla həllinə dair öhdəliklər götürmüşdür:
"Avropa Şurasının əsas hüquqi sənədlərindən olan Avropa İnsan Hüquqları Konvensiyası da müharibə və zorakılığın qarşısının alınmasına, insan hüquqlarının mühafizəsinə çağırır. Ermənistanın bəyanatdan çıxması bu Konvensiyada təsbit olunmuş yaşamaq hüququnun (2-ci maddə), işgəncələrə və qeyri-insani rəftara məruz qalmamaq hüququnun (3-cü maddə) və mülkiyyət hüququnun (1 saylı Protokol, 1-ci maddə) pozulmasına gətirib çıxara bilər. Çünki hərbi toqquşmaların yenidən başlanması həmin hüquqların pozulması riskini artırar".
Süleyman