Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmkansız ayrılıq

İmkansız ayrılıq


Ayrılığı çox da uzun sürmədi. Cəmi 3 il 3 ay ondan ayrı yaşaya bildi. Özü özlüyündə bunu imkansız ayrılıq kimi xarakterizə etdi. Əslində isə ayrılarkən bir daha ona dönməyəcəyinə söz vermişdi. Çünki onunla birlikdə yaşadığı 23 il ərzində həyatı heç də hamar olmamışdı. Çox acılı xatirələri vardı onunla. Ona bağlılıq, aşiq olmaq başına nələri gətirməmişdi, hansı problemlərə yol açmamışdı, indi bir-bir gözlərinin qarşısından keçirdi. Ona olan sevgisi o həddə çatmışdı ki, hətta iki dəfə rayondan Bakıya dönərkən sərnişin qatarına gecikmiş, məcburən maşınla qayıtmalı olmuşdu paytaxta. Yaxud, dəfələrlə mühüm əhəmiyyətli tədbirə məhz onunla bərabər olduğu dəqiqələrə görə gecikmişdi. Bütün bunlar onun gözləri qarşısından bir film kimi keçsə, dildə özünü və ikinci dəfə yenidən ona döndüyü “sevgilisini” qınasa, məzəmmət eləsə də, ürəyi başqa şeyi söyləyirdi. Daha doğrusu “həyatdır, insanın başına hər şey gələ bilər”, yaxud, “qismət beləymiş, Allah belə yazmış” kimi düşünərək özünə, daha çox da “sevgilisi”nə haqq qazandırırdı.

Axı, baş verən bütün acılı, şirinli xatirələr fonunda tək təsəlli tapdığı o idi. İstər sevincli vaxtlarında, istərsə də kədərli anlarında. Heç kimə, öz doğmalarına belə ürəyini açıb deməyəndə, sevinci və kədərini ailə üzvləri ilə belə bölüşməyəndə ilk üz tutduğu o olurdu. Dərdini onunla bölüşürdü. Bəzən dəqiqələrlə, bəsən saatlarla.

Daha çox dəniz kənarında onunla birgə addımlamağa üstünlük verirdi. Dənizdən sahilə doğru yan alan ləpələr və həzin meh onu “sevgilisinə” daha çox “sarılmağa”, daha çox yaxın olmağa vadar edirdi.
Yaxud hər kəsdən uzaq bir kənara çəkilib üzü dənizin sonsuzluğuna doğru onunla söhbətə başlayırdı. Nə üçün həyatına qayıtdığını sual edirdi. Nə üçün onu tək buraxmadığını soruşurdu. Sevgidənmi?. Yox. Sevən adam öz sevgilisini göz görə-görə ölümə sürükləməzdi. Yenidən birlikdə olmaq faktiki onu ölümə sürükləyirdi. Bunu yalnız o dərk edirdi. Ancaq dərk etdiyi halda belə yenidən ona üz tutdu. Yenidən ona sığındı. Dəniz kənarında baş-başa olmaq, birgə addımlamaq bəzən saatlarla davam edirdi. Sanki ətrafdan təcrid olunmuş halda.

Ailədə də yenə onunla birlikdə olduğunun fərqində idilər. Hər gün evə gec saatlarda dönərkən ailədə hər kəs onunla olduğunu bilirdi. Bunun üçün gizli xəfiyyə tutmağa, izləməyə də ehtiyac yox idi. Çünki gün ərzində onunla keçirdiyi saatlar “sevgilisinin” bütün ətrini hopdururdu geyim-keçiminə. Hər nə qədər evdə hiss etdirməmək üçün müxtəlif vasitələrdən istifadə etsə də, alınmırdı. Orjinal fransız ətrinin qoxusu kimi dərhal otağa yayılırdı evə girərkən.

4 ilə yaxın müddətdən sonra yenidən baş qaldıran bu sevgi onu ailənin gözündən də salmışdı. Bəlkə də haqlı idi yenidən ona qovuşmaqda, yenidən onunla eyni yolu davam etdirməkdə. Çünki dışlanırdı, diskriminasiyaya uğrayırdı, öz yaxınları, doğmaları tərəfindən belə. Haqlı olduğu təqdirdə haqsız duruma düşürülür, doğru yanaşma ortaya qoyub ədalətli olmağı tövsiyyə etdiyi halda, məzəmmət olunur, fikirlərinə hörmətlə yanaşılmırdı. Bəlkə də elə bu amil onu yenidən 4 ilə yaxın uzaq düşdüyü “sevgilisinə” üz tutmağa sövq etdi. Ən acılı günlərində ona qayıtmaq ağlının ucundan keçmədiyi, bu barədə düşünmədiyi halda anidən ona doğru yan alması bəlkə də yaxınları tərəfindən dışlanması, məzəmmət edilməsindən irəli gəlirdi. Əslində hər şey, bütün mənfi alışqanlıqlar burdan başlayır. Ətrafın, yaxınların səni olduğun kimi qəbul etməyəndə, sıradan bir hesab edəndə, yuxarıdan aşağı baxanda dərd ortağı axtarırsan. Bu yaxın dostun, tanışın, yaxud da sevgilin ola bilir. O da məhz başına gələnləri, üzləşdiyi haqsızlıqları “sevgilisi” ilə bölüşürdü. Ona görə yenidən 3 il 3 ay ayrı qaldığı “sevgilisi”nə üz tutdu. Yenidən həyatını ona bağladı, dərd ortağı bildi.

Bir çoxları kimi o da artıq həyatına almışdı onu. Düşünürdü ki, həqiqətən dərd ortağıdır. Hesab edirdi ki, bəzən səbrsizliklə can atdığı, onunla görüşə tələsdiyi “sevgilisi” dərdlərin içində sığınılan bir limandır. İnsan daha çox tək qalanda, ürəyində, beynində min fikir dolaşanda, dilindən bir dənə də olsun söz çıxmayanda, həmin “limana” üz tutmaq istəyir. O an, həmin “liman” dünyanın dərdini anlamağa qadir olur.

Bəzən ona nə üçün bu qədər bağlı olduğunu öz-özünə sual olaraq ünvanlayırdı. Buna görə ya özünü, ya da onu mühakimə edirdi. Ancaq cavabını da dərhal özü verirdi. Çünki o, dərdini danışanda susur, dinləyir, onu tənqid etmirdi. Hər nəfəsində, başı dərddə olanda, sıxıldığında sanki “Mən burdayam” deyib ağuşuna alırdı. Amma onu da anlayırdı ki, bu “dərd ortağı” əslində onun ən səssiz düşmənidir. Onu sakitcə öldürən, nəfəsini yavaş-yavaş alan bir sevgili.

O, danışmır, amma onu dinləyər. Əsəbdən dəli olarkən, sevincdən gözləri gülərkən başından tüstü qıvrılıb göyə qalxarkən, içindəki narahatlığı aparar, yaxud sevincinə sevinc qatar kimi gələr onun yanına. Sanki ürəyin içindəki qaranlıq bir az açılıar, nəfəs aldıqca ağrısı azalar. Ancaq o bilmir ki, dərd ortağı bildiyi, əəsəblərini sakitləşdirdiyi zənn etdiyi “sevgilisi” onu səssizcə həyatdan alır, içini param-parça edir. Rahatlıq dediyi an, zaman əslində həyatını bir az da daraldır.

Dərd ortağı hesab etdiyi o limanın həm də bir qərib sehri vardı. O, həm insanı sakitləşdirir, həm də məhv edirdi. Elə bil bir dost, sevgili idi ki, onu anlayır, dinləyir, dərdinə ortaq olduğunu göstərir, eyni zamanda onu səssiz-sədasız içindən yeyirdi. Hər nəfəsində bir etiraf gizlədilir, bir kədər, qırılmış ümid, tərk edilmiş xatirə vardı. Bəzən içindəki sükutu öldürmək üçün ona ürək açırdı, amma sonda onunla yaşadığı illər ərzində yavaş-yavaş külə dönürdü.

Bəzən onunla bir xatirənin başlanğıcı, bəzənsə sonu olurdu. Kiminsə yoxluğunda, kiminsə gedişindən sonra xatlrlanırdı. Həmin şəxsi unuda bilmirdi, amma o ağrını içində itirmək istəyirdi “sevgilisi” ilə. Halbuki o “sevgili” nə unudulmağa, nə də təsəlli olmağa qadir idi. O, sadəcə dərdi bir anlıq pərdələyirdi, amma içini yandırmağa davam edirdi. Həm mənəvi, həm də fiziki olaraq.

Bir gün gələcək, o “sevgili” da onu tərk edəcəkdi. Bunu dəqiq bilirdi. Çünki ağciyərləri yorulur, nəfəsi çətinləşir, bədən tükənirdi. Anlayırdı ki, illərlə dərdini paylaşdığı, hər sirrini bölüşdüyü əslində onun dərdini yox, özünü aparırdı özüylə. Onun sirrini bilirdi, amma dərdini susdurmaqla yox, yandırmaqla dinləyirdi.

Sonda yalnız kül qalırdı. Həm “sevgilinin”, həm də içindəki hisslərin külü. Amma o külün içində bir ümid də gizlidir. Bir gün bu “dərd ortağından” azad olmaq, nəfəsini dərddən yox, azadlıqdan almaq ümidi.

Beləcə dərd ortağı, yenidən ona qovuşduğu siqaretin tüstüsü onun tədricən həyatını qısaldırdı. Bir an var olduğu kimi, bir an da yox olacağının fərqində idi. Onu da gözəl dərk edirdi ki, həyatın tüstüsü gözəldir, təbiidir, siqaretinki isə zəhərli və zərərli. İnsan dərdini bölmək üçün bir dost axtaranda, bəlkə də siqaretə yox, insana üz tutmalıdır. Çünki dərd paylaşdıqca azalır, tüstüləndikcə deyil.


Süleyman İsmayılbəyli
Xəbəri paylaş