Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ

ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ


"Cənubi Qafqazda yeni nizam formalaşır. Bu nizam, yeni əməkdaşlıq istiqamətləri Azərbaycanın İkinci Qarabağ Müharibəsində əldə etdiyi tarixi Zəfərin fonunda baş verir. Son illərdə region həqiqətən mühüm geosiyasi dəyişikliklər mərhələsindən keçir. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin aktuallaşması, yeni kommunikasiya xətlərinin açılması perspektivləri regionun gələcəyini müəyyən edən əsas faktorlardandır. Bütün bunlar regiona olan marağı artırır. Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin bu günlərdə Cənubi Qafqaz regionuna, eləcə də Azərbaycana etdiyi səfər bunun təsdiqidir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, bu səfər həm tarixi, həm də yeni geosiyasi reallıqlar baxımından olduqca əhəmiyyətlidir:

"Bildiyiniz kimi bu son 18 ildə ABŞ-ın vitse-prezidenti səviyyəsində Azərbaycana edilən ilk səfərdir. Təkcə bu faktın özü Birləşmiş Ştatların Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa nə dərəcədə önəm verdiyini nümayiş etdirir. Bunun üzərinə Vensin səfəri zamanı imzalanan "Strateji Tərəfdaşlıq Xartiyası"nı da əlavə etsək, Vaşinqtonun regionda Bakı ilə münasibətlərə xüsusi önəm verdiyini aydın şəkildə görərik. Hesab edirəm ki, Tramp administrasiyasının əvvəlki hakimiyyətlərdən fərqli olaraq Cənubi Qafqaz regionuna münasibətinin dəyişməsi, keçən ilin avqustunda Vaşinqtonda Azərbaycan Lideri İlham Əliyevlə görüşü və nəhayət, Vensin ölkəmizə səfəri və sözügedən Xartiyanın imzalanması Vaşinqton-Bakı münasibətlərini keyfiyyətcə yeni bir mərhələyə keçirib. Bu səfər həm də iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi tarixə düşdü".

"Strateji Tərəfdaşlıq Xartiyası"na diqqət çəkən millət vəkili deyib ki, bu sənəd ABŞ-la Azərbaycan arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlığın əsaslarını bir daha müəyyən etdi:

" Vitse-prezident səviyyəsində Bakıya edilən səfər Vaşinqtonun Cənubi Qafqaz regionuna artan diqqətinin göstəricisidir. Bu, həm də Azərbaycanın regionda sabitlik və enerji təhlükəsizliyi baxımından oynadığı rolun beynəlxalq səviyyədə qəbul olunduğunu nümayiş etdirir. Sənəddə enerji sahəsində əməkdaşlıq da öz əksini tapır. Bildiyiniz kimi Azərbaycanın enerji resursları və nəqliyyat infrastrukturu onu Avropa ilə Asiya arasında strateji enerji və tranzit qovşağına çevirib. Hazırda Azərbaycan bərpa olunan enerji, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində çalışır. Bu baxımdan ABŞ-la qeyd edilən istiqamətlərdə əməkdaşlıq əhəmiyyətli ola bilər. Təsadüfi deyil ki, Strateji Tərəfdaşlıq Xartiyasında da enerji təhlükəsizliyi, alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlıq, habelə investisiya mühitinin genişləndirilməsi istiqamətləri əksini tapıb”.

Deputat qeyd edib ki, Bakı və Vaşinqton arasında imzalanan Xartiya ümumilikdə, Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasına təsir edəcək.

Süleyman
Xəbəri paylaş