
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən 03 mart 2026-cı il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edərək Azərbaycanın enerji strategiyasının qlobal miqyasda artan rolunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında enerji təhlükəsizliyinin yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin əsas dayaqlarından biri olduğunu vurğuladı. On ildən artıqdır uğurla davam edən bu təşəbbüs bu gün artıq Avrasiya məkanında əməkdaşlığın etibarlı platformasına çevrilmişdir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı etimada əsaslanan enerji körpüsü rolunu möhkəmləndirib.
Bu gün Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə çatdırılır və ölkəmiz boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə dünyada ön sıralardadır. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Ümid” yataqları üzrə yeni mərhələlər qarşıdakı illərdə əlavə 10–15 milyard kubmetr qaz hasilatı imkanı yaradacaq. Eyni zamanda, Avropanın enerji bazarında mövcudluğumuz genişlənir, Almaniya və Avstriya kimi sənaye nəhənglərinə qaz ixracı başlanıb. Bu isə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və milli dövlətçilik maraqlarımızın iqtisadi təminatını möhkəmləndirir.
Yaşıl enerji gündəliyi də paralel şəkildə uğurla irəliləyir. 2032-ci ilə qədər 6–8 giqavat bərpaolunan enerji gücünün yaradılması, külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi, hidroenerji potensialının genişləndirilməsi Azərbaycanın enerji balansında yeni mərhələnin başlanğıcıdır. Qara dənizin dibi ilə Avropaya uzanacaq enerji kabeli və Mərkəzi Asiya bağlantıları ölkəmizi qlobal enerji xəritəsində strateji mərkəzə çevirir. Cənab Prezident İlham Əliyevin praqmatik, realist və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan həm qazıntı yanacağı, həm də alternativ enerji sahəsində balanslı model formalaşdıraraq regionun sabitliyinə, Avropanın enerji təhlükəsizliyinə və öz dayanıqlı inkişafına mühüm töhfə verir. Bu strateji xətt xalqımızın rifahına xidmət edən güclü və qalib Azərbaycanın davamlı yüksəlişinin təminatıdır.
Aqil Qafarov.










































