
"Tarixi zəfərə gedən yolun başlanğıcından, Aprel döyüşlərindən 10 il keçir. On il əvvəl yenidən ərazi iddiasına düşən və işğalçılıq siyasətini davam etdirən Ermənistan növbəti dəfə Azərbaycana qarşı hücuma keçdi. Dördgünlük müharibə kimi tarixə düşən Aprel döyüşləri Ermənistanın məğlubedilməz ölkə imicini yerlə bir etdi. Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri qarşısında acız qalan Ermənistan rəhbərliyi xarici dövlətləri Azərbaycana minnətçi salaraq hərbi əməliyyatların dayandırılması və atəşkəs əldə olunması xahişini etdi. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər güclü, qüdrətli olduğunu sübuta yetirməklə yanaşı, həm də Ermənistan Ordusunun gücsüzlüyünü ortaya qoydu. Məhz tarixi Zəfərə gedən yol Aprel döyüşlərindən başladı desək yanılmarıq".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi:
"Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçirildi. Həmçinin, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi".
Arzuman Muradlı Aprel döyüşlərinin itkisiz olmadığını da təəssüf hissi ilə qeyd edib. O bildirib ki, hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu, 1 Mi-24 helikopteri vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı:
"Düşmən tərəf də döyüşlərdə ciddi itkilərlə üzləşdi. Belə ki, ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü. Həmçinin, döyüşlər zamanı 500-dən artıq erməni əsgəri yaralandı".
Arzuman Muradlı, "Tarixi zəfərimizə gedən yolda canını fəda etmiş şəhidlərimizi dərin hüzn və ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik",-deyə vurğulayıb.
Süleyman












































