
"Aprel döyüşləri Tarixi Zəfərimizə gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda Ermənistanın məğlubedilməz ordusunun olması barədə miflarin darmadağın edilməsi idi. Məhz bu döyüşlərlə Azərbaycan Silahlı Qüvvələri sübut etdi ki, o, artıq qarşısına qoyduğu istənilən hədəfə çatmağa malikdir. 4 günlük hərbi əməliyyatlar zamanı strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyi, eləcə də 2 min hektardan artıq ərazinin düşməndən azad edilməsi bunu təsdiqi idi".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Aprel döyüşlərinin 10 illiyindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan Ordusu Aprel döyüşləri zamanı yüksək peşəkarlığı, əzmi və rəşadətini nümayiş etdirdi:
"Ermənistanın yeni ərazilər ələ keçirmək üçün başlamış olduğu hücum əməliyyatına qarşı əkshücum həyata keçirən Azərbaycan Ordusu qısa müddətdə düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikasını məhv etdi. Aprel döyüşləri Ermənistan ordusunda canlı qüvvə sarıdan da ciddi itkilərə gətirib çıxardı. Dördgünlük müharibə zamanı Ermənistan 320 hərbçisini itirdi, 500-dən artıq döyüşçüsü isə yaralandı".
Millət vəkili onu da qeyd edib ki, Aprel döyüşləri Ermənistan üçün dərs olmadı və 2020-ci ilin sentyabrında yenidən yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatına başladı:
"Bununla da Ermənistan tarixi səhvinə yol verdi və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində 30 ilə yaxın erməni işğalında qalan ərazilərimizi azad etdi. Sonrakı mərhələdə həyata keçirilən antiterror əməliyyatları ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu".
Süleyman













































