
Önümüzdəki günlərdə (mayın 26-dan etibarən) Bakı–Tbilisi–Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunacaq. Bu xəbər son dövrlərin ən ürəkaçan xəbərlərindən biri oldu. Altı illik uzun fasilədən sonra yenidən işə düşəcək dəmir yolu əlaqəsi xüsusilə Gürcüstanda yaşayan azərbaycanlılar və eləcə də əslən Borçalı mahalından olub Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən təbii ki, çox böyük sevinclə qarşılanıb. Bu da səbəbsiz deyil. Çünki həmin insanlar son illərdə Azərbaycandan Gürcüstana yalnız təyyarə ilə uçmalı olurdular və bu da əlavə maliyyə xərcləri demək idi. Pandemiya dövründə xüsusi karantin rejimi səbəbi ilə Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin uzun müddət bağlı qalması orada yaşayan soydaşlarımız arasında böyük narazılıqlara səbəb olurdu.
Ötən 6 il ərzində doğmalarla əlaqə, gediş-gəliş həqiqətən də çox çətinləşmişdi. Əlbəttə, bu vəziyyət soydaşlarımız üçün heç də əlverişli deyildi. Yalnız hava yolu ilə gediş-gəlişin mümkünlüyü bu insanlar üçün asan olmurdu. Çünki bəzən hətta təyyarə bileti tapmaq da problemə çevrilirdi. Soydaşlarımız doğmalarının xeyir-şərinə getməyə belə çətinlik çəkirdilər. Nəticə etibarilə, Borçalıda yaşayan yaxınlarımızla, qohum-əqrəbalarımızla əlaqələrimiz getdikcə zəifləyirdi.
Amma qatarların gediş-gəlişinin bərpası xəbərindən sonra adamlar indi bir-birilərinə müjdə verirlər. Hamı bu xəbəri böyük razılıq hissi ilə qarşılayır. Ona görə də hesab edirəm ki, bu qərar Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumları və yaxınları ilə əlaqələrinə olduqca müsbət təsir göstərəcək. Qatar reyslərinin bərpası indi həm gediş-gəlişi daha əlçatan edəcək, həm də qohumlar və yaxınlar arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bakı-Tiflis-Bakı qatar reysinin bərpası pandemiya dövründə təşəkkül tapmış arzuolunmaz halları bir xeyli dərəcədə aradan qaldıracaq və həm Borçalıdan olan Azərbaycan vətəndaşlarının, həm də Azərbaycandan Gürcüstana səfər edən bütün şəxslərin ehtiyaclarını qarşılayacaq.
Hazırda Gürcüstan ərazisində, Borçalı mahalında yarım milyon civarında soydaşımız yaşayır. Onların bir çoxunun həyatı, təhsil və müalicə məsələləri bir çox hallarda Azərbaycanla və xüsusilə paytaxt Bakı ilə çox bağlıdır. Eləcə də Gürcüstanda kifayət qədər soydaşımız var ki, onların ailə üzvləri daimi olaraq Azərbaycanda yaşayır. Ona görə də avtomobil və dəmir yollarının açılması artıq zərurətə çevrilib. Bu qərar istər əsli-kökü Borçalıdan olan Azərbaycan vətəndaşlarının, istərsə də Azərbaycandan Gürcüstana turist kimi getmək, gəzmək istəyən insanlarımızın ürəyincə olan bir qərardır. Həmçinin işgüzar insanlarımız üçün də çox yerində verilmiş qərardır, gediş-gəlişin asanlaşdırılması olduqca təqdirəlayiq təşəbbüsdür.
Gürcüstan-Azərbaycan qatar nəqliyyatının bərpasının mənəvi, siyasi tərəfləri də var. Bu addım yalnız insanların gündəlik həyatını asanlaşdırmaqla kifayətlənmir. Cənubi Qafqazın iki mühüm paytaxt şəhərləri arasında qatar marşrutunun bərpası həm də soydaşlarımız arasında həmrəyliyin güclənməsinə təkan verəcək. Eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































