Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

WUF13 bütün parametrlər üzrə ölkəmiz üçün faydalı olacaq

WUF13 bütün parametrlər üzrə ölkəmiz üçün faydalı olacaq


“Ümumdünya Şəhərsalma Forumu (WUF13) bütün parametrlər üzrə ölkəmiz üçün faydalı olacaq. Bu forum təkcə dünyaya şəhərsalma ilə bağlı Azərbaycan modelini təqdim etmir, eyni zamanda iştirakçı ölkələrdə ölkəmiz haqqında müfəssəl məlumat formalaşdırır, zəngin mədəni-tarixi irsimizi onlara tanıdır”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O deyib ki, WUF13-ün Azərbaycan iqtisadiyyatı, eləcə də turizm sektoruna müsbət təsirləri qaçılmazdır:

“Bildiyimiz kimi forumda 180 ölkədən 40 mindən artıq nümayəndə iştirak edir. Heç şübhəsiz ki, forum müddətində iştirakçıların böyük əksəriyyəti otel xidmətlərindən, iaşə obyektlərindən, nəqliyyat və ticarət mərkəzlərindən istifadə edəcək, müəyyən miqdarda vəsait xərcləyəcəklər. Bu da iqtisadiyyatın müxtəlif sahələrinə öz təsirini göstərəcək və ölkəyə xarici valyutanın daxil olması deməkdir”.

Arzuman Muradlı deyib ki, forum ölkənin turizm imkanlarının təbliği baxımından da əhəmiyyətlidir:

“Azərbaycanda olduqları müddətdə zəngin mədəni irsimiz, mətbəximiz, turizm zonalarımız barədə məlumat əldə edən qonaqlar növbəti illər üçün potensial turist ola bilərlər. İnanıram ki, WUF13 iştirakçıları çox qısa zaman sonra Azərbaycanı daha yaxından kəşf etmək üçün turist qismində ölkəmizə səfər edəcəklər”.

Politoloqun sözlərinə görə, forumun bir digər əhəmiyyəti şəhərsalmada Azərbaycan modelinin dünyaya təqdimatından ibarətdir:

“Bu sırada xüsusilə Qarabağ və Şərqi Zəngəzurda görülən işləri qeyd etmək yerinə düşər. Bildiyiniz kimi, 5 ildən artıqdır ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda geniş miqyasda quruculuq-abadlıq işləri həyata keçirir, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrini icra edir, yeni yaşayış kompleksləri salır. Bütün bu görülən işlər öz növbəsində “Böyük Qayıdış” prosesini sürətləndirir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda gördüyü işlərin, şəhərsalma modelinin dünyaya təqdimi baxımından əhəmiyyətlidir. Bu eyni zamanda ölkəmizin qurucu, yaradıcı bir ölkə olduğunun tərənnümüdür”.

Süleyman
Xəbəri paylaş