Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib

Sahibə Qafarova MDB PA-nın 60-cı plenar iclasında çıxış edib


Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərivəsində mayın 22-də MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 60-cı plenar iclasında iştirak edib.

Newscenter.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin sədri Assambleyanın qanunverici orqanlarımız arasında dialoq və əməkdaşlığın inkişafında mühüm rolunu, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin müzakirəsi üçün platforma kimi çıxış etdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bu baxımdan, Assambleya tərəfindən həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də onun yeni uğurlu ideya və təşəbbüslərinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışında Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında tədbir iştirakçılarına məlumat verən Milli Məclisin sədri qeyd edib ki, 17-22 may tarixlərində Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası şəhərlərin davamlı inkişafı və urbanizasiya məsələlərinə həsr olunmuş ən nüfuzlu və qlobal beynəlxalq tədbirlərdən biridir. Bildirilib ki, Bakıda keçirilən 13-cü sessiya BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil edilmiş ən genişmiqyaslı sessiyadır və 182 ölkədən rekord sayda - 45 000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu sessiyanın Bakıda keçirilməsi Azərbaycanın icmaları və ölkələri ortaq məqsəd ətrafında birləşdirmək bacarığının qəbul olunmasını təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin forumun açılışında vurğuladığı kimi, “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və həmişə Şərqlə Qərbin qovuşduğu yer olub və belə də qalır”.

Milli Məclisin sədri bildirib ki, 13-cü sessiya çərçivəsində Parlamentlərarası Assambleyanın “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda ayrıca tədbiri keçirilib. Assambleyanın bu təşəbbüsünün bir çox Birlik ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən dağ ərazilərinin inkişafına diqqəti yönəltməyə, habelə məzmunlu və konkret təcrübə mübadiləsi aparmağa imkan verdiyi qeyd olunub. Ölkələrimizin parlamentarilərinin bu müzakirələrdə fəal iştirak etməsinin məmnunluq doğurduğu diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova qeyd edib ki, Parlamentlərarası Assambleya təkcə çoxtərəfli deyil, həm də parlamentlərimizin ikitərəfli əməkdaşlığının inkişafına kömək edən platformadır. O, bir neçə gün əvvəl Özbəkistan Respublikasının Buxara şəhərində təşkil edilmiş İkinci Asiya Qadınlar Forumunda MDB PA-dan olan digər həmkarları ilə birgə iştirakını diqqətə çatdırıb.

Spiker deyib ki, iyun ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın növbəti 24-cü iclası keçiriləcək. O, eyni zamanda, MDB PA-nın humanitar əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərinin əhəmiyyətini qeyd edib.

Çıxışında, həmçinin MDB PA-nın seçkilərlə bağlı monitorinq fəaliyyətinə toxunan Milli Məclisin sədri qurumun bu fəaliyyətinin institusional təminatında MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun rolunu qeyd edib.

Spiker Sahibə Qafarova xatırladıb ki, 8 dekabr 2025-ci il tarixində Milli Məclis və Beynəlxalq İnstitutun Bakı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunub. Bu konfrans Birlik ölkələrinin parlamentarilərini, MDB PA Şurası Katibliyinin rəhbərliyini, diplomatik korpusun nümayəndələrini, ali təhsil müəssisələrini və ekspertləri bir araya gətirib.

Bir müddət öncə isə, mayın əvvəlində Bakı filialının inzibati binasında MDB PA-nın Demokratiyanın inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutunun 20 illiyinə həsr olunmuş “Parlamentarilərin beynəlxalq müşahidədə rolu” mövzusunda dəyirmi masa keçirilib.

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, MDB PA bu gün də parlamentlər arasında müntəzəm qarşılıqlı fəaliyyətin effektiv platforması rolunu etimadla davam etdirir. Spiker Assambleya çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi və möhkəmləndirilməsi üçün gələcəkdə də birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Süleyman
Xəbəri paylaş