Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub



Ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyi keçirilib.

Newscenter.az xəbər verir ki, birinciliyin açılış mərasimində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik sektorunun müdiri vəzifəsini icra edən Coşqun Hidayətov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov çıxış edərək “Şahin” hərbi-idman oyununun gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması, hərbi-fiziki hazırlığının artırılması və ilkin hərbi biliklərə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən zona birinciliyində ümumilikdə 12 komanda sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, həmçinin tüfəngdən hədəfə atəş açılması daxil olmaqla 9 mərhələ üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə əsasən, Binəqədi rayonu üzrə 300 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I, Nizami rayonu üzrə 220 nömrəli məktəb-liseyin komandası II, Səbail rayonu üzrə 236 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülüb.

Qaliblər kubok, medal, diplom və hədiyyələrlə təltif olunublar.

“Şahin” hərbi-idman oyunu üzrə Bakı şəhər zona birinciliyində ilk iki yerə sahib olan Binəqədi və Nizami rayon komandaları cari ilin iyun ayında keçiriləcək respublika final mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş