
İsrailin qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində müzakirələri dayandırdığı məlum olub. Bildiyimiz kimi ultramillətçi mövqeli baş nazir Beniamin Netanyahunun həm özü, həm də onun rəhbərlik etdiyi hökumət üzvləri qondarma “erməni soyqırımı”nı tanımış, İsrail Xarici İşlər Nazirliyi (XİN) isə qondarma “soyqırımı”nın tanınması məsələsini parlamentdə (Knesset) müzakirəyə çıxarmaq təşəbbüsü ilə çıxış etmişdi. Sözsüz ki, bu addım ilk növbədə Türkiyəyə qarşı yönəlmiş emosional-isterik bir addım idi və siyasi məqsəd güdürdü. Ona görə də rəsmi Bakı da bu qərara dərhal etirazını bildirdi. Bizim XİN haqlı olaraq İsrail tərəfinin bu addımı atarkən məsələnin Azərbaycan üçün həssaslığının, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin və eləcə də bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına mümkün təsirlərinin kifayət qədər nəzərə alınmadığını hesab edib. Məhz buna görə də, iyunun 29-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi mövqeyini İsrail tərəfinin nəzərinə çatdıraraq sözügedən təşəbbüsə yenidən baxmağa çağırıb. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə bu addımın həm Türkiyə-İsrail münasibətlərinə, həm də Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə arqumentlər təqdim olunub.
Başqa sözlə desək, rəsmi Bakı media üzərindən diplomatik "fırtına" yaratmadan, amma kifayət qədər tələbkar şəkildə İsrail hökumətinin bu cür çılğın qərarının düşünülməmiş bir addım olduğunu bildirərək, qondarma "erməni soyqırımı"nın knessetdə müzakirəyə çıxarılması təşəbbüsünə etiraz nümayiş etdirdi. Nəticədə təşəbbüsün irəlilədilməsi prosesi faktiki olaraq dayandırılıb və məsələnin İsrail hökuməti və parlamenti səviyyəsində müzakirəsi təxirə salınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin çağırışından sonra İsrail hökuməti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi prosedurları dondurub. Beləliklə, Beniamin Netanyahunun və onun xarici işlər naziri Gideon Saarın rasional düşüncədən və diplomatiyadan uzaq təşəbbüslərinin qarşısı alınmış oldu.
Rəsmi Bakının bu məsələdə prinsipial mövqe nümayiş etdirməsi heç şübhəsiz ki, təqdirə layiqdir. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanın həm öz milli maraqlarını qorumağı bacarır, həm də strateji tərəfdaşı və tale ortağı olan Türkiyənin milli maraqlarına toxunan məsələlərdə Ankaraya prinsipial dəstəyini nümayiş etdirir. Netanyahu hökumətinin "erməni soyqırımı"nın tanınması yönündə yol verdiyi səhvin rəsmi Bakının diplomatik səyləri nəticəsində qarşısının alınması həm də Azərbaycan-İsrail münasibətlərinin korlanmasının qarşısını aldı.
Beləliklə, bu hadisə müasir Azərbaycanın diplomatiyasının çox vacib bir xüsusiyyətini - "səssiz, lakin təsirli güc" prinsipini mükəmməl nümayiş etdirdi. Rəsmi Bakının media üzərindən əlavə hay-küy salmadan, birbaşa diplomatik kanallar və çox ciddi əks arqumentlər vasitəsilə İsrail tərəfinin qərarına təsir etməsi, dövlətimizin xarici siyasətinin nə qədər peşəkar və hesablanmış olduğunu bir daha təsdiqləyir. Bu uğurlu nəticə həm də strateji tərəfdaşlığın imtahanı kimi də qiymətləndirilə bilər. Belə ki, Azərbaycanın İsrail ilə uzun illərdir davam edən sıx iqtisadi və hərbi-texniki əməkdaşlığı var. Lakin bu əməkdaşlıq heç vaxt Azərbaycanın öz milli maraqlarından və Türkiyə ilə olan "bir millət, iki dövlət" konsepsiyasından üstün tutulmayıb. Bakının bu məsələdəki prinsipiallığı İsrailə aydın bir mesaj verdi: Azərbaycan üçün Türkiyənin milli maraqları müzakirə mövzusu deyil. İsrail hökuməti də başa düşdü ki, Türkiyəyə qarşı atılan bu cür emosional addım Azərbaycan-İsrail münasibətlərindəki strateji əsasları sarsıda bilər.
Bu prosesdə həm də rəsmi Bakının regional moderator rolu bir daha önə çıxdı. Netanyahu hökumətinin "erməni kartı"ndan istifadə edərək Türkiyəni cəzalandırmaq cəhdi, əslində, regional gərginliyi artırmaqdan başqa bir şey deyildi. Bakı burada bir növ "ağıl və təmkin" faktoru kimi çıxış edərək, hər iki tərəfi daha böyük bir diplomatik böhrandan sığortaladı. Azərbaycanın bu məsələyə vaxtında və effektiv müdaxiləsi Türkiyə-İsrail münasibətlərinin geridönməz böhran həddinə yüksəlməsinin qarşısını aldı. Diplomatik kanalların səmərəli istifadəsi ictimaiyyət önündəki emosional çıxışlardan qat-qat effektlidir. İndi İsrail hökuməti üçün ən düzgün addım bu müzakirələri birdəfəlik gündəmdən çıxarmaq və Azərbaycan ilə olan strateji tərəfdaşlığı bu cür süni gərginliklərlə bir daha riskə atmamaqdır. Rəsmi Bakı öz mövqeyini ortaya qoymaqla həm də İsrail tərəfinə "dostluq münasibətlərinə xələl gətirə biləcək səhvlərdən qaçın" mesajını vermiş oldu.
Bu uğurlu nəticə, Azərbaycanın öz xarici siyasətində nə qədər "çəkisi olan" bir dövlətə çevrildiyinin növbəti təsdiqidir. Zənnimizcə, bu hadisədən sonra İsrailin siyasi dairələrində Azərbaycanın Türkiyə-İsrail münasibətlərindəki "balanslaşdırıcı" rolu barədə yeni bir təfəkkür, pozitiv yanaşma formalaşa bilər. Azərbaycanın bu cür prinsipiallığı İsrailin siyasi dairələrində artıq "Azərbaycan yalnız bir tərəfdaş deyil, həm də regionun təhlükəsizlik və sabitlik arxitekturasının vacib bir memarıdır" qənaətinin formalaşmasına zəmin yaradır. İsrailin realpolitik yanaşan dairələri, xüsusən də təhlükəsizlik və kəşfiyyat strukturları, Azərbaycanın bu balanslaşdırıcı rolunu uzun müddətdir ki, yüksək qiymətləndirirlər. İndi isə artıq İsrailin siyasi rəhbərliyi də anlamalıdır ki, Azərbaycanla münasibətləri qorumaq üçün rəsmi Bakının "qırmızı xətt"lərinə - xüsusilə də Türkiyə ilə bağlı məsələlərə - daha həssas yanaşmaq zəruridir.
Bununla yanaşı, rəsmi Bakı İsrail ilə münasibətlərin qorunub saxlanmasına, iqtisadi əlaqələrin inkişaf etdirilməsinə də xüsusi önəm verir. Bu əlaqələr hər iki tərəf üçün qarşılıqlı faydalıdır. Lakin İsraillə əməkdaşlığımız nə qardaş Türkiyə ilə strateji ortaqlığımıza, nə İranla qonşuluq münasibətlərimizə, nədəki Ermənistanla sülh prosesinə heç bir zərər verməməlidir. Ümumiyyətlə isə istər İsrail, istərsə də İran heç vaxt Azərbaycanı seçim qarşısında qoymamalıdır. Azərbaycan öz milli-strateji maraqlarına əsaslanan müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı bu ismarıcı verməklə mükəmməl diplomatiya nümayiş etdirdi.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































