
Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıyaraq mədəni-humanitar əlaqələrin geostrateji dayanıqlılıqda nə qədər mühüm rol oynadığını nümayiş etdirdi. Dövlətlər arasında imzalanan sənədlər hər zaman sadə hüquqi razılaşma ilə məhdudlaşmır; onlar gələcək siyasi, iqtisadi və mədəni əməkdaşlığın uzunmüddətli çərçivəsini formalaşdırırlar. Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanan “Əbədi dostluq haqqında Müqavilə” məhz belə strateji sənədlərdəndir. Həm müqavilədə yer alan mədəni-humanitar əlaqələrə dair xüsusi iki bənd, həm də iki ölkənin mədəniyyət nazirləri tərəfindən mübadilə edilən mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş bu sahənin dövlət siyasətinin davamlı əsaslarından biri kimi təsbit olunduğunu göstərir.
Bu sənədlər iki qardaş ölkənin ortaq tarixini, dilini və mədəni yaxınlığını hüquqi müstəviyə keçirir, qarşılıqlı etimada, suverenliyə hörmətə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Burada xüsusilə vurğulanmalıdır ki, həm Azərbaycan, həm də Özbəkistan xarici siyasətdə tam müstəqillik və milli suverenliyin möhkəmləndirilməsi kursuna sadiqdirlər və imzalanan razılaşmalar konfederativ və ya suverenliyi məhdudlaşdıran model deyil, iki tam müstəqil, bərabərhüquqlu və suveren dövlətin bərabərhüquqlu strateji tərəfdaşlığıdır. Mədəni-humanitar əlaqələrə dair xüsusi bəndlərin müqaviləyə daxil edilməsi bu sahəni müvəqqəti vəziyyət dəyişikliklərindən qoruyur, sazişlər ratifikasiya olunduqdan sonra isə daxili hüququn tərkib hissəsinə çevrilərək müştərək layihələr üçün legitim maliyyə və təşkilati zəmin yaradır.
Aydındır ki, mədəniyyət diplomatiyanın və yumşaq güc alətlərinin ən təsirli dilidir. 2021-ci ildə Fransa və İtaliya arasında imzalanan Kvirinal Müqaviləsi kimi beynəlxalq təcrübələr göstərir ki, suveren dövlətlər öz müstəqilliklərini qorumaqla yanaşı, mədəni sazişlər vasitəsilə turizmə, yaradıcı sənayelərə əlavə iqtisadi dəyər qazandıran və cəmiyyətlərarası etimadı dərinləşdirən uzunömürlü platformalar yarada bilirlər.
Azərbaycan və Özbəkistan arasında razılaşdırılan yeni saziş də oxşar potensiala malikdir. Sənəd birgə sərgi və muzey layihələrini, teatr, musiqi və festival proqramlarını, mədəni irsin qorunması və tədqiqini, sənətçilərin mübadiləsini və gənc mütəxəssislərin birgə təşəbbüslərini nəzərdə tutur. Bu çərçivədə əlaqələrin dərinləşdirilməsi konkret praktik mexanizmlərlə reallaşır, ali təhsil müəssisələri arasında birgə diplom proqramları və akademik mübadilələr, Nizami Gəncəvi ilə Əlişir Nəvai irsi kimi ortaq türk dəyərlərinin birgə tədqiqi intellektual inteqrasiyanı gücləndirir. Eyni zamanda birgə film istehsalı, yaradıcı sənayelərin inkişafı, Şuşa və Qarabağdakı bərpa proseslərində Səmərqənd, Buxara və Xivənin bərpa təcrübəsindən istifadə olunaraq abidələrin rəqəmsal reyestrlərinin yaradılması praktiki addımlar sırasındadır. "Qarabağdan Səmərqəndə" konsepti çərçivəsində formalaşdırılan zəngin mədəni marşrutlar və birgə turizm paketləri isə regionun beynəlxalq cəlbediciliyini artırır. Geosiyasi baxımdan bu tərəfdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyanın iki aparıcı dövlətinin birgə mövqeyini gücləndirir, YUNESKO və TÜRKSOY kimi beynəlxalq platformalarda ortaq mədəni irsin müdafiəsi üçün vahid diplomatik cəbhə formalaşdırır. Əbədi dostluq haqqında müqavilə siyasi iradənin ifadəsidirsə, mədəniyyət sahəsində əməkdaşlıq sazişi həmin dostluğun xalqların yaddaşında və gələcək nəsillərin ortaq mədəni məkanında yaşayacağının ən mühüm təminatıdır. Azərbaycanın dinamik inkişaf etdiyi bir dövrdə bu sənədlərin imzalanması iki qardaş ölkəni bir-birinə daha da yaxınlaşdırır və onların gələcəyə birgə, möhkəm institusional zəmində addımlamasına şərait yaradır.
İbrahim Zahidli,
politoloq,
Geneva EU Business Scool” məzunu












































