
“Mərkəzi Asiya respublikalarının hər biri kimi Özbəkistanla da Azərbaycan arasında münasibətlər xüsusi çəkiyə malikdir və iki ölkənin əlaqələri hər ötən gün yeni bir səviyyəyə qədəm qoyur. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının dövlət başçısı Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərə yeni bir ruh, nəfəs gətirəcək”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, səfər zamanı imzalanan yüksək səviyyəli sənədlər ölkələrarası əməkdaşlıqda yeni bir səhifə açacaq və yeni imkanlar yaradacaq:
“Bu sırada xüsusilə, Azərbaycan ilə Özbəkistan arasında imzalanmış Əbədi Dostluq haqqında Müqaviləni qeyd etmək yerinə düşərdi. Bakı ilə Daşkənd arasında belə bir sənədin imzalanmasını iki ölkənin münasibətlərində tarixi mərhələ kimi xarakterizə etmək olar. Müqavilə mövcud dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrini daha uzunmüddətli və strateji çərçivəyə salmaqla gələcək əməkdaşlıq üçün möhkəm siyasi-hüquqi əsas yaradır. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu sənədi iki ölkənin əməkdaşlığı dərinləşdirmək, yeni imkanlar yaratmaq və ortaq gələcək qurmaq istəyinin ifadəsi kimi qiymətləndirib”.
İlham Məmmədov deyib ki, dövlət başçıları tərəfindən imzalanan Əbədi Dostluq haqqında Müqavilə Bakı ilə Daşkənd arasında siyasi etimadı və strateji müttəfiqliyi möhkəmləndirəcək. Millət vəkili diqqətə çatdırıb ki, 2025-ci ildə müttəfiqlik münasibətlərinin həyata keçirilməsi üzrə 2025–2029-cu illər üçün “Yol xəritəsi”nin qəbul edilməsi də bu əlaqələrin institusional xarakter aldığını göstərirdi:
“Əbədi Dostluq Müqaviləsi həmin prosesin daha yüksək siyasi mərhələyə keçidi və uğurla davamıdır. Müqavilə təkcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığın genişlənməsi üçün də yeni stimul vermiş olur. İki ölkənin iqtisadi potensialının tamamlayıcı xarakter daşıması ticarət, investisiya, sənaye kooperasiyası, kənd təsərrüfatı, enerji və logistika sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan tərəfi də iqtisadi-ticari əlaqələrin, enerji, investisiya, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrinin gələcəkdə genişləndirilməsini prioritet istiqamətlər kimi qeyd edib”.
Süleyman











































