Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml münasibətləri korlamaq xətti tutub

Kreml münasibətləri korlamaq xətti tutub


"Son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycana qarşı səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamaların artması nəyin göstəricisidir?

Görünən budur ki, Kreml öz propaqanda köpəklərinə növbəti dəfə "fas" komandası verib. Belə ki, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı cəfəng iddialar səsləndirilib. Eləcə də, 9 avqust tarixində “YouTube” platformasında və 13 avqust 2026-cı il tarixində “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı sərsəm ifadələrə yer verilib. Həmçinin 16 avqust tarixində isə “Spas ТВ” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu material yayımlanıb, təxribatçı fikirlər səsləndirilib".

Newscenter-az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, bütün bu faktlardan aydın şəkildə görünür ki, Rusiyanın informasiya məkanı Azərbaycana qarşı terror yuvasına, hibrid savaş məkanına çevrilib:

"Rəsmi (hüquqi) baxımdan müttəfiqimiz sayılan bir ölkənin media və internet platformalarında Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının açıq şəkildə müzakirə edilməsi və Azərbaycan xalqına, Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsi qəbuledilməz haldır. Heç bir normal ölkə öz müttəfiqinə qarşı bu cür davranmaz. Məntiq və reallıq göstərir ki, Rusiya həqiqətən də anormal dövlətdir.

Bəs, Rusiyanın Azərbaycana qarşı bu cür qeyri-dost davranışının səbəbi nədir? Kreml niyə məlum verilişlər, layihələr üzərindən Azərbaycana qarşı hücuma keçib? Şimal qonşumuz bununla nəyə nail olmaq istəyir? Bu cür toksik ritorika sözsüz ki, birdən-birə yaranmır. Bu hücumlar, adətən, daha geniş siyasi gərginliyin, informasiya təzyiqinin və qarşı tərəfə mesaj vermək cəhdinin göstəricisi olur. Rusiyanın propaqanda "ordu"sunun anti-Azərbaycan çıxışları da məhz belə görünür. Əgər media platformaları üzərindən emosional, təhqiramiz və aqressiv ton artırılırsa, bu, təkcə “fərdi jurnalistlər"in davranışı deyil, çox zaman dövlət səviyyəsində siyasi siqnal, təzyiq aləti və ya ictimai rəyin hazırlanması mexanizmi olur".

Komitə sədri hesab edir ki, bu baxımdan Moskvanın informasiya müstəvisində ölkəmizə qarşı yenidən sərtləşməsi təsadüfi görünmür:

"Kreml bəzən bir ölkəyə qarşı birbaşa diplomatik kanallardan yox, məhz media, ekspert tok-şouları, telekanallar və cürbəcür digər “layihələr” vasitəsilə təzyiq göstərməyi üstün tutur. Bu, rəsmi münasibəti tam pozmadan qarşı tərəfi əsəbiləşdirmək və mövqeyini yumşaltmağa məcbur etmək üsuludur, Azərbaycanı daxili və regional qərarlarda məhdudlaşdırmaq cəhdidir. Çünki Azərbaycanın son illərdə daha müstəqil xarici siyasət xətti yürütməsi, özünü "Orta güc" elan etməsi, regional balansları özü müəyyən etməyə çalışması və geosiyasi seçimlərini genişləndirməsi Rusiyanın hakim dairələrində ciddi narahatlıq doğurur. Ona görə də belə vəziyyətdə informasiya hücumu vasitəsilə Azərbaycana mesaj verilir: “sizin addımlarınızı izləyirik, təzyiq imkanlarımız var”. Yəni ki, burada məqsəd təkcə qarşı tərəfi təhqir etmək, əsəbləşdirmək deyil, həm də siyasi çəkindirmə niyyətidir. Məhz bu səbəbdən də Azərbaycan kimi müstəqil mövqe sərgiləyən bir ölkə bu modeldə rahat hədəfə çevrilir.

Belə məqamlarda Kreml informasiya müharibəsi vasitəsilə qəsdən münasibətləri korlamaq xəttini tutur. Bu xətt münasibətləri müəyyən həddə qədər korlayır, etimadı sarsıdır və sonradan siyasi qərarların qəbuluna təsir edə bilir. Bu, klassik hibrid təsiretmə mexanizmidir. Kreml bununla bir sıra hədəfləri güdür. İlk növbədə məqsəd Azərbaycanı sərt reaksiya verməyə təhrik etmək və sonra bu reaksiyanı öz təbliğatı üçün istifadə etməkdir. Digər məqsəd dövlətlərarası danışıqlarda üstün mövqe qazanmaq, yəni “informasiya gərginliyi”ni diplomatik alver vasitəsinə çevirməkdir. Bakının müstəqil siyasət yürütməsini ləngimək və “sizin üçün baha başa gələ bilər” mesajı vermək də Kremlin yaxın hədəflərindən biridir".

Əlisahib Hüseynov deyib ki, eləcə də bununla Rusiya cəmiyyətində imperiya nostalgiyasını qidalandırmaq və “keçmiş təsir zonaları”na real güc nümayiş etdirmək məqsədi güdülür:

"Çünki çox vaxt belə aqressiv informasiya davranışı narahatlığın və təsir imkanlarının azalmasının əlaməti olur. Yəni siyasi və diplomatik rıçaqlar zəifləyəndə, keçmiş imperiya mərkəzi öz qonşularına qarşı daha çox media, təbliğat və psixoloji basqı vasitələrindən istifadə etməyə başlayır. Bu baxımdan bu cür hücumlar, əslində, Moskvanın özünəinamından çox, onun narahatlığından və nəzarət itkisi hissindən xəbər verir. Ona görə də bu kampaniya təsadüfi görünmür. Bu, daha çox Rusiyanın Azərbaycanı psixoloji, informasiya və siyasi təzyiq altında saxlamaq cəhdi kimi qiymətləndirilməlidir.

Həm də burada bir alt məqsəd, gizli bir hiylə də var. Söhbət qarşı tərəfin (yəni Azərbaycanın) reaksiyasını, rəsmi Bakının "nəbz"ini yoxlamaqdan gedir. Belə təxribatçı çıxışlar “sınaq atəşi” funksiyası daşıyır. Kremlə yaxın media dairələri hansı sərhədlərin keçilə bildiyini, Azərbaycanın reaksiyasının nə qədər sərt olacağını, cəmiyyətin və dövlətin necə cavab verəcəyini yoxlayır. Əgər reaksiyanın zəif olduğu görünərsə, o zaman təzyiqin miqyası arta da bilər. Bu, Azərbaycan üçün nəyi göstərir? Bu hadisələr bir daha göstərir ki, informasiya təhlükəsizliyi də artıq klassik təhlükəsizlik məsələsi qədər vacibdir. Xarici KİV-lərdə (xüsusən də Rusiya mediasında) yayılan belə çağırışlar sadəcə “söz” deyil, ictimai münasibətə, diplomatik mühitə və uzunmüddətli strateji əlaqələrə təsir edən alətdir.

Ona görə də belə hallara qarşı ilk növbədə həm diplomatik kanallar vasitəsilə, həm də klassik və sosial media üzərindən faktiki və hüquqi əsasla cavab vermək məqsədəuyğundur. Bu baxımdan, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun bu gün Xarici İşlər Nazirliyinə çağırılması və ona bu ölkənin media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı qəti etirazın bildirilməsi təqdirəlayiq addımdır. Kremlin məqsədi həqiqət axtarışı yox, siyasi təsir və qorxutmaq, daxili auditoriya üçün düşmən obrazı yaratmaq və regionda təsir imkanlarını qorumağa çalışmaqdırsa, bizim də vəzifəmiz şimal qonşumuzu reallıq hissinə qaytarmaqdır".

Süleyman

Xəbəri paylaş