Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ortaq tarix, parlaq gələcək

Ortaq tarix, parlaq gələcək



Ölkə Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, sadəcə iki dövlət arasındakı cari münasibətlərin icmalı deyil, həm də Türk dünyasının gələcək inteqrasiya modelini formalaşdıran konseptual bir strategiyanın təqdimatıdır.
Azərbaycanın dövlət başçısının çıxışında dərin tarixi faktlara xüsusi yer ayırması, Bakı ilə Daşkənd arasındakı müttəfiqliyin anlıq siyasi maraqlara deyil, əsrlər boyu sınaqdan çıxmış sarsılmaz qardaşlıq bağlarına söykəndiyini nümayiş etdirir. Bu yanaşma, müasir beynəlxalq münasibətlər sistemində xalqların ortaq mədəni və tarixi köklərinin necə güclü bir siyasi-diplomatik silaha və birlaşdirici qüvvəyə çevrilə biləcəyinin ən bariz nümunəsidir.Müsahibənin strateji əhəmiyyəti həm də ondan ibarətdir ki, cənab Prezident Azərbaycan və Mərkəzi Asiya regionunu vahid bir geosiyasi, geoiqtisadi məkan kimi xarakterizə edir.
Bu gün regional təhlükəsizlik və nəqliyyat-logistika layihələrinin xüsusi aktuallıq qazandığı bir dövrdə, iki ölkənin birgə fəaliyyəti Şərq-Qərb nəqliyyat dəhlizinin (Orta Dəhliz) təhlükəsizliyini və səmərəliliyini təmin edən əsas sütun rolunu oynayır. Özbəkistan mediası vasitəsilə verilən mesajlar, həm də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzinə çevrilməsi yolunda Azərbaycanın vizyonunu ortaya qoyur və digər qardaş respublikaları bu inteqrasiya prosesində daha aktiv olmağa təşviq edir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Xəbəri paylaş