
Prezident İlham Əliyevin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparan dünyanın ən nüfuzlu institutlarının rəhbərlərini — FATF, "MONEYVAL", Eqmont Qrupu və Türk Dövlətləri Təşkilatının rəsmi nümayəndələrini qəbul etməsi təkcə cari diplomatik görüş deyil, Azərbaycanın beynəlxalq təhlükəsizlik memarlığında və qlobal maliyyə sisteminin şəffaflaşdırılmasında oynadığı strateji rolun ali səviyyədə təsdiqidir. Eyni zamanda, görüş zamanı Bakının Eqmont Qrupunun illik plenar sessiyasına ev sahibliyi etməsi və beynəlxalq nümayəndə heyətinin tədbirin yüksək səviyyədə təşkilini xüsusi vurğulaması ölkəmizin qlobal miqyasda qazandığı etimadın bariz nümunəsidir.
Məlumdur ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə müasir dünyada dövlətlərin suverenliyi və iqtisadi təhlükəsizliyinin əsas sütunudur. Azərbaycan bu sahədəki fundamental hüquqi islahatları sadəcə bəyanatlarla deyil, konkret qanunvericilik və institusional addımlarla həyata keçirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə formalaşdırılan hüquqi baza, o cümlədən Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin gücləndirilməsi və milli qanunvericiliyin FATF standartlarına tam uyğunlaşdırılması daxili maliyyə sisteminin xarici risklərdən maksimum qorunmasını təmin edib. Görüşdə nümayəndə heyətinin ölkəmizin bu sahədəki mühüm nailiyyətlərini qeyd etməsi təsadüfi olmayaraq, Azərbaycanın hüquqi müstəvidə atdığı addımların beynəlxalq auditdən uğurla keçdiyini göstərir.
Bu qəbul və Bakı sessiyası bir daha nümayiş etdirdi ki, iqtisadiyyatın şəffaflaşdırılması və kölgə iqtisadiyyatına qarşı amansız mübarizə Prezident İlham Əliyevin şəxsi siyasi iradəsinin və dövlət kursunun mərkəzində dayanır. Maliyyə cinayətkarlığına və terrorun maliyyə qaynaqlarına qarşı qətiyyətli mübarizə sadəcə beynəlxalq öhdəlik deyil, milli təhlükəsizliyimizin, suverenliyimizin və iqtisadi sabitliyimizin qorunması missiyasıdır. Azərbaycan, uzun illər terrorizmdən və qanunsuz maliyyə dövriyyələrindən əziyyət çəkən bir dövlət kimi, bu mübarizənin ön cəbhəsində yer alır. Bu gün işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin hər bir qarışında ən müasir maliyyə-nəzarət mexanizmlərinin tətbiq olunması dövlət başçısının bu sahədəki gərgin və sistemli fəaliyyətinin nəticəsidir.

Görüşün iştirakçı tərkibinə diqqət yetirdikdə — Böyük Britaniya, Polşa, Fransa, San-Marino, Almaniya, Səudiyyə Ərəbistanı və Türk Dövlətləri Təşkilatının təmsilçilərinin vahid masada əyləşməsi Bakının həm Şərq, həm də Qərb üçün unikal bir konsensus platformasına çevrildiyini sübut edir. Azərbaycanın maliyyə kəşfiyyatı orqanlarının dünyadakı 170-dən çox analoji qurumu birləşdirən Eqmont Qrupu ilə sıx tərəfdaşlığı ölkəmizə transmilli cinayətkarlığa qarşı operativ məlumat mübadiləsi aparmaq imkanı verir. Eyni zamanda, TDT Baş katibinin bu görüşdə iştirakı Azərbaycanın türk dünyasında da maliyyə təhlükəsizliyi standartlarının yüksəldilməsində lokomotiv rolunu öz üzərinə götürdüyünü göstərir.
Bakıda keçirilən bu mötəbər sessiya və Prezident İlham Əliyevin qəbulu xarici investorlara və qlobal birliyə çox aydın, mühüm siyasi mesajlar verir: Azərbaycan sabit, təhlükəsiz, hüququn aliliyinin təmin olunduğu və şəffaf maliyyə sisteminə malik olan etibarlı tərəfdaşdır. Dövlət başçısının bu sahədəki nəticəyönümlü fəaliyyəti və nümayiş etdirdiyi qətiyyətli siyasi-hüquqi xətt Azərbaycanı gələcəkdə də qlobal iqtisadi və siyasi platformalarda ən ön sıralara daşımağa və milli maraqlarımızı qlobal təhlükəsizlik kontekstində qorumağa davam edəcəkdir.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı











































