Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Əmək Müfəttişliyi işçinin hüquqlarını qorumur:İDDİA

Dövlət Əmək Müfəttişliyi işçinin hüquqlarını qorumur:İDDİA


Mingəçevir şəhər 13 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi müəlliməsi Sevinc Məmmədova Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi-Aran Regional Şöbəsindən şikayətçidir.

Newscenter.az xəbər verir ki, Sevinc Məmmədova qurum onun çalışdığı müəssisədə pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir addımm atmır. Şikayət müəllifi deyir ki, bu günlərdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi-Aran Regional Şöbəsində qəbulda olub. Lakin qəbul zamanı qarşılaşdığı münasibət onda ciddi narazılıq yaradıb:

"Əvvəlcə mənə bildirildi ki, körpələr evi-uşaq bağçasının müdiri də şöbəyə dəvət olunub və rəhbərliyin tapşırığı əsasında artıq mənim əmək müqaviləmə müdaxilə edilməyəcəyi, belə halların təkrarlanmayacağı deyilib. Mənə həmçinin cavab məktubu göndərildiyi bildirildi. Məktubun hansı ünvana göndərildiyini soruşduqda isə bunu dəqiq izah edə bilmədilər. Mən həmin məktubun surətini tələb etdim. Daha sonra qəbul üçün otağa dəvət olundum. Mən gözləyirdim ki, vətəndaş qəbulu qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılacaq. Lakin qəbul zamanı Elxan Çərkəzov məni oturmağa dəvət etmədən, ayaqüstə, əlində bir sənəd tutaraq "məsələ həll olunub" dedi. Mən "necə həll olunub?" sualını verdikdə isə "rəhbərlik izahat verib, məsələ bağlanıb" cavabını aldım".

Sevinc Məmmədova daha sonra bunları deyib:

"Mən haqlı olaraq etiraz etdim ki, vətəndaş qəbulunu bu formada keçirmək, vətəndaşı dinləmədən, hüquqi əsas göstərmədən, yalnız şifahi izahat vermək qəbul anlayışına uyğun deyil. Mən əsaslandırılmış, yazılı və qanuni cavab tələb etdikdə isə mənə "həftənin sonu işinizə baxılacaq" deyildi və suallarıma cavab verilmədi. Əvəzində mənim guya aqressiv danışdığım bildirildi. Halbuki mən yalnız qanunla nəzərdə tutulmuş hüquqlarımı tələb edir və suallarıma hüquqi əsaslarla cavab istəyirdim. Bundan sonra Mingəçevir Şəhər Təhsil Sektoruna müraciət etdim. Mənə bildirildi ki, mənim əməkhaqqımın 14-cü dərəcə ilə hesablanmalı olmasına dair hər hansı sənəd onlara daxil olmayıb. Eyni zamanda şifahi şəkildə qeyd olundu ki, Elçin Kərimovun rəhbərliyi dövründə dərəcələrin 10-cu dərəcə ilə hesablanması barədə göstəriş verilib.

Bir daha vurğulayıram ki, əmək hüquqları şifahi göstərişlərlə məhdudlaşdırıla və ya dəyişdirilə bilməz. Əmək münasibətləri yalnız qanunvericiliyə və rəsmi hüquqi sənədlərə əsaslanmalıdır. Mənim 19 illik əmək stajımın, peşə fəaliyyətimin və əməkhaqqı hüququmun bu şəkildə pozulması yolverilməzdir.

Mən aidiyyəti dövlət orqanlarından xahiş deyil, qanunvericiliyin tələblərinə uyğun obyektiv araşdırma tələb edirəm. Mənim müraciətlərimə formal deyil, hüquqi əsaslarla baxılmasını, əmək hüquqlarımın bərpasını, mənə verilən şifahi göstərişlərin hüquqi əsasının araşdırılmasını və bu qanunsuzluqlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm".

Sevinc Məmmədova qeyd edib ki, heç kimin vəzifəsindən, tanışlığından və ya qeyri-qanuni təsirlərdən istifadə edərək vətəndaşın hüquqlarını pozmağa haqqı yoxdur:

"İnsanların çörəyi ilə oynamaq, onların illərlə qazandığı əmək stajını və hüquqlarını pozmaq hüquqi dövlətdə qəbuledilməzdir. Ümid edirəm ki, müraciətim obyektiv araşdırılacaq və qanunun aliliyi təmin ediləcək".

Qeyd edək ki, Sevinc Məmmədova Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi-Aran Regional Şöbəsində qarşılaşdığı xoşagəlməz mənzərə və Xidmətin işçinin hüquqlarının müdafiəsi istiqamətində addımlar atmaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Süleyman
Xəbəri paylaş