
Məlum olduğu kimi Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Prezident İlham Əliyevə zəng edib. Fikrimcə, bu zəng son 40 ilə yaxın müddətdə ilk dəfə dövlətlərarası münasibətlərdə atılmış siyasi addımdır. Bu, İrəvanın dövlət aparatından Bakıya birbaşa açılan canlı bağlantıdır.
Bu, sülhün zəngidir, iki ölkə arasında münasibətlərdə tarixi dönüşüm səs-sədasıdır.
Paşinyan zəng etməklə ilk növbədə öz xalqını və Azərbaycan xalqını sülh münasibətilə təbrik etdi.
O, Ermənistanın revanşist qüvvələrinin ötən əsrin sonlarında başlatdığı düşmənçilik siyasətinin sona çatmasını və iki xalq arasında yaxın qonşuluq əlaqələrinin qurulmasıdi istəyini diqqətə çatdırır.
2018-ci ildə hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı aqressiv mövqe tutan və müharibə çağırışları ilə tanınan Ermənistanın baş nazirinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra 180 dərəcə dəyişməsi, İlham Əliyevin uzatdığı sülh əlini möhkəm sıxması həqiqətən də onun Ermənistan tarixində böyük iradə sahibi və xalqının gələcəyi üçün çox böyük addım atan lider olmasını göstərir.
Paşinyan Ermənistanı xəta balalardan qurtardı, qarşısı kəsilmiş regional inkişaf yoluna çıxartdı. Azərbaycanın son bir ildə ermənilərə açdığı humanitar qapının nə qədər əhəmiyyət daşıdığını xalqına anlatdı.
Bu baxımdan onun zəngi erməni və Azərbaycan xalqları arasında uzun illər ərzində mövcud olmuş kin və nifrəti yaxın qonşuluğa çevirmək niyyəti, çağırışı da hesab edirəm.
Çünki iki xalq normal qonşuluq etməlidir, düşmənçiliyin sonu yoxdur. Ona görə də, bu zəngin gələcək əməkdaşlığın, yaxın qonşuluğun xoş sədası adlandırıram.
Fikrimcə, artıq Qarabağ ermənilərinin Qarabağa, Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini də unutmalıyıq və bu məsələni bağlamalıyıq.
Biz dövlət olaraq onlara Azərbaycan vətəndaşlığını qəbul edərək qalmağı təklif etsək də, onlar istəmədilər.
Biz Qərbi azərbaycanlılar isə müraciət edirik ki, Ermənistan vətəndaşlığını qəbul edərək öz yurdumuza qayıdaq, Ermənistanın ictimai-siyasi həyatına öz töhvələrimiz verək.
Yaşayaq yaradaq...
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































