
“Bir il əvvəl Vaşinqtonda Birləşmiş Ştatlar prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin paraflanması Cənubi Qafqazda davamlı sülhün başladığının müjdəçisi idi. Vaşinqton Bəyannaməsi sülhə doğru atılmış inamlı addım olmaqla bərabər, həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallıqların dünyanın super dövləti tərəfindən qəbul edilməsi idi”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Vaşinqton Bəyannaməsi kimi tarixə düşən sənəd yalnız Cənubi Qafqaz regionuna aid olan diplomatik sənəd deyil, bu həm də dövlətlərarası əməkdaşlığa, yeni əməkdaşlıq imkanlarının meydama çıxmasına, ən əsası uzunmüddətli sülh perspektivinə açılan mühüm siyasi imkandır:
“Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması bütün Cənubi Qafqazın inkişafına müsbət təsir göstərə bilər. Sülh təhlükəsizlik deməkdir, təhlükəsizlik isə iqtisadi inkişaf, investisiya, nəqliyyat, enerji və humanitar əməkdaşlıq üçün daha geniş imkanlar yaradır. Bu səbəbdən Vaşinqton sazişinə yalnız keçmiş münaqişənin nəticəsi kimi deyil, gələcək regional əməkdaşlığın başlanğıc nöqtəsi kimi baxmaq daha məqsədəuyğundur. Sənəd qarşıdurmadan dialoqa, təcriddən əməkdaşlığa və qeyri-müəyyənlikdən sabitliyə keçidi, Cənubi Qafqazda yeni düzənin yaranmasını özündə ehtiva edir”.
Arzuman Muradlı qeyd edib ki, Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda yeni bir səhifənin, sülh, sabitlik və qarşılıqlı əməkdaşlıq dövrünün başlanğıcıdır. Onun sözlərinə görə, Ermənistan Bəyannaməyə imza atmaqla həm də Azərbaycan vasitəsilə öz inkişafına zəmin yaratmış oldu:
"Çünki regionda davamlı sülh Ermənistan üçün də yeni iqtisadi və siyasi imkanlar deməkdir. Uzun illər davam edən işğalçılıq siyasətində dolayı üzləşdiyi regional təcrid və kommunikasiya məhdudiyyətləri Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərib. Bu mənada sülh prosesinin möhkəmlənməsi Ermənistanın regional layihələrə qoşulması və qonşu dövlətlərlə iqtisadi əlaqələrini genişləndirməsi üçün yeni imkanlar yarada bilər.
Sərhədlərin açılması, nəqliyyat əlaqələrinin bərpası və ticarət imkanlarının genişlənməsi region ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlığını inkişaf etdirə bilər".
Süleyman











































