Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya media məkanından səslənən aqressiv ritorika qəti yolverilməzdir

Rusiya media məkanından səslənən aqressiv ritorika qəti yolverilməzdir


Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyi beynəlxalq hüquq sisteminin toxunulmaz əsaslarını təşkil edir və bu dəyərlərə qarşı yönələn hər hansı təhdid qlobal müstəvidə ciddi hüquqi məsuliyyət yaradır. Son dövrlərdə rəqəmsal platformalar vasitəsilə bəzi xarici ölkələrin media nümayəndələri və siyasi ekspertləri tərəfindən Azərbaycan Respublikasına qarşı nifrət nitqinin formalaşdırılması və suveren sərhədlərin pozulması cəhdləri müşahidə olunmaqdadır. Bunun bariz nümunəsi olaraq, Rusiya Federasiyasının vətəndaşları olan "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi Semyon Uralov və Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri, televiziya jurnalisti Aleksey Çadayev tərəfindən "YouTube" platformasında yayımlanan "Чистота понимания" verilişində ölkəmizə qarşı nümayiş etdirilən aqressiv mövqe çıxış edir.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki, həmin şəxslər "Семен Уралов" adlı internet kanalında Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına və milli ədavətin qızışdırılmasına yönəlmiş açıq çağırışlar səsləndirmişlər:

"Bu növ təhlükəli və qanunazidd bəyanatlar müasir dünyada qəbul edilmiş demokratik prinsiplərin, eləcə də beynəlxalq media etikasının tamamilə ziddinə olub, heç bir halda fikir və ifadə azadlığı çərçivəsində sığınacaq tapa bilməz. Çünki qlobal hüquqi sənədlər sərbəst düşüncə bəyanını təşviq etsə də, onun zorakılıq alətinə çevrilməsini, separatizmi və digər müstəqil dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə edilməsini qətiyyətlə qadağan edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu növ əməllərə qarşı daxili qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq dərhal qətiyyətli, operativ və obyektiv hüquqi addımlar atmışdır. Milli təhlükəsizliyi hədəf alan bu Rusiya vətəndaşları barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə dair qərarlar qəbul edilmiş, məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilmişdir".

Millət vəkili bildirib ki, qeyd olunan şəxslərin törətdikləri cinayət əməllərinə görə harada olmalarından asılı olmayaraq ədalət mühakiməsi qarşısına çıxarılması məqsədilə onlar İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmişlər:

"Bu hüquqi reaksiya bir daha açıq şəkildə nümayiş etdirir ki, Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunu və suverenliyini həzm edə bilməyən heç bir dairə və ya şəxs öz destruktiv fəaliyyətinə görə hüquqi məsuliyyətdən kənarda qala bilməyəcəkdir. Rəsmi Bakının nümayiş etdirdiyi bu kompromissiz və prinsipial mövqe təkcə milli maraqların qorunmasına deyil, həm də regionda hüququn aliliyinin və beynəlxalq təhlükəsizlik arxitekturasının müdafiəsinə birbaşa xidmət edir".

Süleyman
Xəbəri paylaş