Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb

Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb


İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Ali Audit Orqanları Asiya Təşkilatının və Ərəb Ali Audit Qurumları Təşkilatının İdarə Heyətlərinin üzvləri ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Milli Məclisin sədri Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısının və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə toplantısının əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin maliyyə hesabatlılığına, müstəqil auditə və bu sahələrdə beynəlxalq əməkdaşlığa verdiyi önəmin sübutudur.

Söhbət zamanı spiker qonaqlara Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis və onun fəaliyyət prinsipləri, siyasi partiyaların təmsilçiliyi, parlamentdə gender bərabərliyinin qorunması, parlamentin komitə və komissiyaları haqqında məlumat verib.

Spiker bildirib ki, qanunvericilik funksiyası ilə yanaşı, Milli Məclis nəzarət funksiyalarını da icra edir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Milli Məclis tərəfindən yaradılmış Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətində əsas prioritetlərdən biri beynəlxalq əməkdaşlıqdır. Bu fəaliyyət institusional potensialın gücləndirilməsinə, qabaqcıl standartların tətbiqinə və ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq dövlət auditinin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Söhbət zamanı Milli Məclisin sədri qonaqların bu səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəklərindən məmnunluqla danışıb və onlara ölkəmizin Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsi, orada aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Çin Milli Audit Ofisinin rəhbəri, Ali Audit Orqanlarının Asiya Təşkilatının Baş Katibi Hou Kai Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısında və bu qurumun Ərəb Ali Audit Qurumları Təşkilatı (ARABOSAI) ilə birgə toplantısında iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluqla danışıb.

Qonaq sözügedən tədbirlərin təşkilinə görə ASOSAI və Çin Milli Audit İdarəsi adından Milli Məclisin sədrinə və Hesablama Palatasına təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycanın təşkilatçılığı sayəsində ASOSAI və ARABOSAI assosiasiyalarının üzvləri Şərqlə Qərbin qovşağında bir araya gələrək dövlət sektorunda auditin inkişafını müzakirə etmək imkanı əldə ediblər.

Qonaq dövlət sektoru auditinin milli nəzarət sisteminin mühüm tərkib hissəsi olması və bütün ölkələrin sosial-iqtisadi inkişafında əvəzolunmaz rolu barədə danışıb. O, Azərbaycanın dünyada ekoloji təhlükəsizliyin qorunmasındakı rolu, ölkəmizdə COP29-un uğurla keçirilməsi və orada mühüm məsələlərin müzakirə olunması barədə də fikirlərini bölüşüb, Azərbaycana sülh və davamlı inkişaf arzularını çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.

Süleyman
Xəbəri paylaş