
Bu gün Alyaskada Donald Tramp ilə Vladimir Putin arasında baş tutacaq sammit ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyində yumşalma müşahidə olunur. Bu barədə "The Telegraph" öz mənbələrinə istinadla bir müddət əvvəl məlumat yaymışdı. Məlumata görə, Kiyev döyüşlərin dayandırılması və Rusiyanın artıq işğal etdiyi Luqansk, Donetsk, Zaporojye, Xerson vilayətləri və Krım üzərində faktiki nəzarətini tanımaq variantını nəzərdən keçirməyə hazırdır. Qeyd olunur ki, bu, bəzi Avropa ölkələrinin dəstəyini qazanıb və təklif cəbhə xəttinin “dondurulmasını”, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini, o cümlədən silah tədarükü və NATO-ya üzvlük perspektivini nəzərdə tutur. Bununla belə, xatırladılır ki, Zelenski vurğulayıb ki, heç bir razılaşma əlavə ərazi güzəştlərini əhatə etməməlidir. İstənilən halda, ərazi güzəşti təklifi bir qədər şübhəli görünür. Bu ölkə daxilində Zelinskiyə qarşı kütləvi narazılığın yaranmasına gətirib çıxara bilər. Bir müddət əvvəl korrupsiya əleyhinə mübarizə qanuna görə reytinqin aşağı düşməsi Zelinskini daha ehtiyyatlı olmağa vadar edir. Buna rəğmən ərazi güzəşti müharibəni dayandıra və Ukraynanı Qərbin bir parçası edə bilər. Donald Trampın hazırda çalışdığı əsas məsələ müharibənin aktiv fazasının dayandırılması və uzun müddətli atəşkəs rejiminin təmin edilməsidir. Hərgah ki, bunu Rusiya tərəfi qəbul etmək istəmir. Rəsmi Moskva müharibənin dayandırılmasından sonra Qərbin Ukraynanı yenidən gücləndirəcəyindən ehtiyat edir. Digər bir məsələ isə Ukraynaya yeni hücum olmaması üçün beynəlxalq təminatın verilməsidir. Keçən əsrin sonlarında Balkanlarda yaşanan boşnak - serb qarşıdurması göstərdi ki, bu çox da effektiv variant deyil. Buna görə rəsmi Kiyev daha çox birbaşa NATO - ya üzv olmağı hədəfləyir. ABŞ - nin ərazi güzəşti fonunda Ukraynanı təşkilata üzv qəbul edilməsi barədə təminat verəcəyi də şübhəlidir. Nəzərə alaq ki, NATO daxilində Ukraynanın təşkilata üzv olmasına narazılıq edən dövlətlər var. Ancaq mövcud razılaşma bu dövlətlərin mövqeyində yumşaltma yarada bilər. Zelinskini torpaq güzəştindən çəkindirən daxili siyasi məsələlərlən başqa həm də Ukraynaya dəstək göstərən Avropa ölkələrinin mövqeyidir. Bu ölkələr ABŞ - dən fərqli olaraq Rusiyaya qarşı müqavimətin davam etməsini istəyirlər. Rəsmi Kiyev hazırda bu dəstək hesabına müqaviməti təşkil edə bildiyi üçün güzəşt məsələsində fərqli mövqe nümayiş etdirir. Alyaska görüşündən sonra ABŞ - nin Ukraynaya qarşı təzyiqi artıracağı güman edilir. Buna rəğmən, Ukraynanın ərazi güzəşti gələcəkdə digər münaqişələrdə də nümunə ola bilər ki, bu arzu edilən deyil.
Zeynal Əmrəliyev, politoloq